...

Azərbaycan güləşçiləri "Çempionlar" turnirində 9 medal qazanıblar

İdman Materials 19 May 2014 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/

Azərbaycanın gənc qızlar və yunan-Roma güləşi üzrə yığma komandasının üzvləri Türkiyənin İzmir şəhərində gənclər arasında keçirilən 17-ci "Çempionlar" beynəlxalq turnirini 3 qızıl, 2 gümüş və 4 bürünc medalla tamamlayıblar.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə bildiriblər ki, turnirin ilk günündə gənc qızların yarışında mübarizəyə qoşulan güləşçilərimiz 1 qızıl və 1 bürünc medala sahib olublar. Qızıl medalı yığmamıza Raqnetta Qurbanzadə (67 kq), bürünc medalı isə Solmaz Həşimzadə (55 kq) qazandırıb.

Yunan-Roma güləşçilərinin mübarizəsində də yığmamız günü 1 qızıl və 1 bürünc medalla başa vurub. 66 kq çəkidə mübarizə aparan Ruhin Mikayılov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. 55 kq-da təmsilçimiz Ramiz Məmmədov isə bürünc medalla kifayətlənib.

Turnirin ikinci günündə gənc qızların yarışında güləşçilərimiz 2 gümüş və 1 bürünc medala sahib olublar. Almaz İsmayılova (51 kq) və Elmira Qəmbərova (63 kq) yalnız final görüşünü uduzaraq gümüş medala layiq görülüblər. 72 kq-da mübarizə aparan Səbirə Əliyeva isə bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərinin mübarizəsində komandamızın üzvlərinin yekun nəticəsi 1 qızıl və 1 bürünc medal olub. 84 kq-da mübarizə aparan İslam Abbasov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. Ən ağır çəkili pəhləvanların mübarizəsində isə Hacımurad Çöpsiyev (120 kq) bürünc medal qazanıb.

Beləliklə, 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan gənc qızlarımız komanda hesabında Türkiyə və Qazaxıstandan sonra üçüncü yeri tutublar. Yunan-Roma güləşçilərimiz isə turniri 2 qızıl və 2 bürünc medalla tamamlayıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Xanmirzə Məlikəliyev təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti