Azərbaycan, Bakı, 19 may /Trend/
Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqı qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunmuş beynəlxalq boks turnirinə yekun vurulub.
Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 17 ölkənin təmsilçilərinin mübarizə apardığı yarışda milli komandamızın iki üzvü finala vəsiqə qazanıb. 56 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov həlledici görüşdə 2007-ci ilin dünya çempionu, 2009-cu il dünya çempionatının gümüş mükafatçısı Sergey Vodopyanovla üz-üzə gəlib. Həmyerlimiz daha təcrübəli rəqibinə uduzaraq 2-ci yerlə kifayətlənib.
69 kq çəki dərəcəsində çıxış edən Pərviz Bağırov isə turnirin əsas sensasiyasına imza atıb. Gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı olmuş boksçumuz finalda London olimpiadasının bürünc mükafatçısı, 2009-cu ilin dünya çempionatının gümüş mükafatçısı rusiyalı Andrey Zamkovoyu məğlub edərək qızıl medala sahib olub.
Beləliklə, komandamız Xabarovsk turnirini 1 qızıl və 1 gümüş medalla başa vurub.
Qeyd edək ki, yarışda hakim kimi ölkəmizi Anar Nağdıyev təmsil edib.