Maksim Tsurkov - Trend:

Azərbaycanın futbol funksionerləri növbəti dəfə strateji deyil, taktiki qərar qəbul etdilər. Qərar Robert Prosineçkinin Azərbaycanın baş məşqçisi təyin edilməsi oldu. O, əsas titullarını oyunçu kimi qazanıb. Baş məşqçi kimi isə ciddi uğur qazanmayan orta səviyyəli klubları çalışdırıb.
R.Prosineşki ilə 3 il müddətinə müqavilə imzalanıb. Müqaviləyə əsasən, xorvatiyalı mütəxəssis ildə 1,2 milyon avro qazanacaq. Lakin belə təyinat və vəsait qoyuluşunun məqsədyönlü olması sual doğurur.
Yeni baş məşqçi qarşısında millini Avro-2020-nin final mərhələsinə çıxarmaq tapşırığı qoyulub. Yeri gəlmişkən, Avro-2020-nin 4 oyunu Bakıda keçiriləcək. Lakin namizədin və tapşırığa nail olmaq metodunun seçilməsi olduqca şübhəlidir.
Əslində isə Azərbaycan futbolunun probleminin kökü olduqca dərində yerləşir və hətta çox güclü mütəxəssisi təyin etməklə bunu həll etmək çətin olacaq. Axı Azərbaycan futbolçularının indiki nəsli futbolun inkişafından söhbətin gedə bilməyəcəyi şəraitdə yetişib.
Layiqli şəkildə 4 qat dünya çempionu olan Almaniya yığmasının 2014-cü ildə dünya çempionatında göstərdiyi oyun və qarşısına keçən hər bir komandanı darmadağın edən "Bavariya"nın sərgilədiyi futbol hələ də xatirələrimizdən silinməyib. O zaman niyə də alman təcrübəsini mənimsəməyək? Söhbət hazırda almaniyalı mütəxəssisin təyin edilməsindən getmir.
XX əsrin sonunda Almaniya futbolu özü üçün də gözlənilmədən böhran vəziyyətinə düşdü. Böhran həm yığmalar, həm də klublar səviyyəsində hiss olundu. Almaniya ardıcıl iki iri turnirdə uğursuzluğa düçar oldu. Belə ki, Almaniya millisi 1998-ci ildə Fransada keçirilən dünya çempionatında Xorvatiyaya 3:0 hesabı ilə uduzdu (xorvatların heyətində R.Prosineşki parlaq oyunu ilə seçilirdi, Almaniyanı isə yığmamızın sabiq baş məşqçisi Berti Foqts çalışdırırdı), Avro-2000-də isə sonuncu yeri tutaraq qrupdan çıxa bilmədi.
Almaniyanın istedadları dəstəkləmək proqramı iki mərhələdən ibarətdir. Birincisi, bütün Almaniya üzrə 390 "dayaq nöqtəsi"dir. Bütün futbol məktəblərində uşaqlara baxış və onların seçilməsi ilə məşğul olan mindən çox məşqçi 11-14 yaşlı təqribən 600 min gənc oyunçuya baxır. Onlardan yalnız təqribən 22 mini "dayaq məntəqələr"dən birinə dəvət edilir. Burada onlar komandalarında mütəmadi məşğələlərə əlavə olaraq həftədə bir dəfə məşq edirlər.
Almaniya Futbol İttifaqı (DFB) tez bir zamanda problemin kökünün uşaq futbolunda olduğunu tapdı və bunun həll edilməsinə başladı. Nəticədə Almaniyada uşaq, yeniyetmə və gənclər səviyyəsində iş sistemi kardinal olaraq yenidən quruldu, çox zəhmət tələb edən iş aparıldı və hazırda "alman futbol möcüzəsi" deyilən məfhum ortaya çıxdı. U-17, U-19 və U-23 yığmaları (Özil, Xedira, Noyer, Boatenq, Hövedes, Hummels və Şmeltser bu yığmalarda oynayıblar) Avropa çempionu oldular. 17 yaşlı futbolçular üstəlik qitə finallarında daha iki dəfə oynayıblar və dünya birincliyinin gümüş medallarını qazanıblar.
Növbəti mərhələ 46 "peşəkar mərkəz"dir ki, bunun 36-sı peşəkar klublarda olur. Lisenziya alarkən belə mərkəzin olması əsas şərtdir. 10 "mərkəz" üçüncü liqanın komandalarında yaradılıb. Həmin komandaların özləri bu işlə məşğul olmaq təşəbbüsünü göstəriblər. Onlarda təqribən 5 min uşaq və yeniyetmə məşq edir.
DFB "peşəkar mərkəz"lərə qarşı müəyyən texniki tələblər irəli sürür, çünki ora "dayaq məntəqələr"dən keçən istedadlı futbolçular daxil olur. Uşaqlar orada həftədə 6-8 dəfə məşq edirlər. Ən təəccüblüsü odur ki, belə sistem 5 il ərzində qurulub və heyrətamiz nəticələr verib. Braziliyada keçirilmiş dünya çempionatında Almaniya ən gənc 6 yığma sırasına daxil idi, Almaniya Bundesliqası isə gənc oyunçular baxımından dünyanın bütün futbol liqalarına fora verə bilər.
DFB ümumilikdə bütün bu sistemin funksiyasına hər il təqribən 10 milyon avro xərcləyir. Azərbaycan bu məbləğin öhdəsindən gələ bilər.
Bunun üçün ölkədə bütün şərait yaradılıb. Azərbaycanda dövlət başçısı 2005-2015-ci illər üçün futbolun inkişafı üzrə dövlət proqramını təsdiq edib, ilk futbol akademiyası açılıb, Bakıda AFFA və "Mançester Yunayted" arasında əməkdaşlıq çərçivəsində İngiltərə klubunun mütəmadi fəaliyyət göstərən futbol məktəbi yaranacaq. U-10, U-11 və s. yığmalarının uşaqları üçün futbol liqaları yaradılıb, futbol məktəb liqası mövcuddur, "Məktəbdə futbol dərsi" layihəsi işə salınıb. Lakin eyni zamanda klubların özləri öz yetirmələrindən daha çox legionerlərə üstünlük verirlər.
Hazırda respublikada Almaniya təcrübəsinin tətbiqi barədə düşünmək lazımdır. Niyə də belə sistem tətbiq edilməsin? Bu zaman hər bir klubun öz futbol məktəbi olmalı və Azərbaycanda sayı çox olan gənc istedadlar yetişdirilməlidir.
Axı əsas istəkdir, nəticə isə zamanla gələcək.