Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir Elçin Mehdiyev/
"Bakıda gözəl gimnastika bayramının şahidi oluruq, idmançılarımızın qələbələri isə bu bayrama xüsusi şənlik qatır". Bunu Trend-ə martın 4-6-da Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatına tamaşa etməyə gəlmiş gimnastika azarkeşi Aynur Kərimova deyib.
O qeyd edib ki, Azərbaycanda keçirilən bütün gimnastika yarışlarına tamaşa etməyə gəlir: "Mənim kiçik qızım da gimnastika ilə məşğul olur. Hər dəfə biz böyük maraqla gimnastika yarışlarını izləməyə gəlirik. İdmançılarımızın qələbəsi isə bizi daha da həvəsləndirir. Qızım da bu cür yarışlara qatılmaq və qalib olmağa həvəslənir".
A.Kərimova bildirib ki, Azərbaycanda gimnastika başqa ölkələrin uzun müddətə keçdiyi inkişaf yolunu qısa müddətə keçib: "Bir çox ölkələr var ki, orada gimnastika bizdən xeyli əvvəl inkişaf edib, amma Azərbaycan gimastları həmin ölkələrin idmançıları ilə yarışlara qatılır və hətta onlardan yüksək nəticələr əldə edirlər. Bunun hamısı Azərbaycanın birinci xanımı, Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyevanın əməyi və diqqəti sayəsində mümkün olub. Bu gün uşaqlarımızın gimnastika ilə məşğul olması üçün hər cür şərait var".