Azərbaycan, Bakı, 9 oktyabr /Trend/
Qətərdə boks üzrə dünya çempionatı davam edir.
Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, daha iki idmançımız ¼ final mərhələsinə vəsiqə qazanıb.
Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi Rüfət Hüseynov (49 kq) 1/8 final mərhələsində özbəkistanlı Hasanboy Dusmatovla qarşılaşıb. Gərgin mübarizə şərairtində keçən görüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb - 2:1. Milli komandamızın üzvü növbəti mərhələdə ukraynalı Dmitri Zamotayevlə üz-üzə gələcək. Qeyd edək ki, D.Zamotayev Bakıda keçirilən Avropa Oyunlarının bürünc mükafaçısı olub.
Dünya çempionatının digər debütantı Tayfur Əliyev də (56 kq) yarışa qələbə ilə başlayıb. Həmyerlimiz 1/8 final mərhələsində monqolustanlı İderkhuu Enhjarqalı məğlub edib - 3:0. Boksçumuz ¼ final mərhələsində irlandiyalı Maykl Konlanla qarşılaşacaq. Son Avropa çempionu olan M.Konlan həm də London olimpiadasının bürünc mükafatçısıdır.