...

Ötən il gimnastlarımız 157 medal qazanıblar

İdman Materials 11 Yanvar 2016 20:10 (UTC +04:00)
2015-ci ildə gimnastlarımız 157 medal əldə ediblər.
Ötən il gimnastlarımız 157 medal qazanıblar

Bakı. Trend:

2015-ci ildə gimnastlarımız 157 medal əldə ediblər.

Trend Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən məlumat verir ki, keçən il olduğu kimi, bu il də vətənimizə ən çox medalı bədii gimnastika təmsilçiləri gətiriblər. Onlar 81 medal qazanıblar. Daha sonra medal sayına görə kişi idman gimnastikası üzrə yığma komandamız 32 medalla, onların ardınca hesabında 15 medal olan akrobatlarımız, 11 medalla qadın idman gimnastikası üzrə komandamız və nəhayət, hər biri 9 medal olmaqla batut və aerobika gimnastikası təmsilçiləri gəlir.

İl ərzində hamıdan çox medalı Marina Durunda qazanıb (22). Hesabında cəmi 1 medal az olan Marinanın komanda yoldaşı Jalə Piriyeva 21 medalla və Azərbaycan Gimnastika Federasiyasının reytinq cədvəlində 1-ci olan Oleq Stepko da eyni medal sayı ilə ili başa vurublar.

Şübhəsiz ki, idmançılarımız üçün ilin əsas yarışlarından biri Avropa Oyunları olub. O.Stepko biri qızıl (parallel qollar) olmaqla, 5 medal qazanan yeganə Azərbaycan idmançısı kimi yadda qalıb. Daha bir medalı isə o, komanda hesabında yoldaşları Eldar Səfərov və Petro Paxnyukla qazanıb. Batut gimnastikası üzrə yarışlarda İlya Qrişunin bürünc, bədii gimnastika üzrə yarışların lentlə finalında isə M.Durunda gümüş medal əldə etdi. Ümumiyyətlə, lent ötən il Marina üçün uğurlu olub. Belə ki, dahi bəstəkar Üzeyir Hacıbəyovun "Fantaziya" kompozisiyasının sədaları altında lentlə Marina, həmçinin Avropa çempionatının bürünc medalını qazanıb.

Bu il akrobatlarımız ilk dəfə olaraq Avropa Yaş Qrupları Yarışlarında medallar qazanıblar. Gümüş medalı kişi cütlüyünün tərkibində Seymur Cəfərov və Murad Əkpərov, bürünc medalı isə qarışıq cütlük - Ağasif Rəhimov və Nurcan Cabbarlı - əldə ediblər.

Bəlkə də ilin ən əhəmiyyətli medalını idman gimnastikası üzrə dünya çempionatında O.Stepko qazanıb. Müstəqil Azərbaycanın idman gimnastikası tarixində ilk dəfə olaraq, o, parallel qollarda bürünc medal əldə edib.

2015-ci il, həmçinin gimnastlarımızın Dünya Gimnastradasında debütü ilə yadda qalıb. Bununla da Gimnastika Federasiyası gimnastika növlərinin inkişaf etdirilməsi ilə bağlı planı yerinə yetirib. Artıq ölkəmizdə Beynəlxalq Gimnastika Federasiyasının tanıdığı 7 gimnastika növü inkişaf etməkdədir.

Bədii gimnastika üzrə Avropa çempionatının ikiqat mükafatçısı Gülsüm Şəfizadəyə ölkə Prezidenti cənab İlham Əliyev şəxsən mənzil təqdim edib. İlin yekunlarına əsasən Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Gimnastika Federasiyası ən yaxşı federasiya, Milli Gimnastika Arenası isə ilin ən yaxşı arena adına layiq görülüb.

Federasiyanın 24 dekabr tarixində keçirilmiş 6-cı Ümumi Yığıncağında Mehriban xanım Əliyeva yenidən prezindent seçilib. Səsvermənin nəticələrinə əsasən Altay Həsənov öz fəaliyyətini federasiyanın vitse-prezidenti, Rauf Əliyev və Rafiq Beybutov isə İcra komitəsinin üzvləri olaraq davam etdirəcəklər. İcra Komitəsinin yeni üzvü isə Mariana Vasileva seçilib.

İlə isə elə həmin Milli Gimnastika Arenasında gimnastika növləri üzrə yığma komandaların idmançı və məşqçilərinin ifasında "Yeni il yuxusu" adlı möhtəşəm şou yekun vurub.

2016-cı il isə heç də asan olmağa söz vermir. Qarşıda idmançılarımızı müxtəlif beynəlxalq yarışlar, Avropa və dünya çempionatları və ən əsası, Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları gözləyir. M.Durunda və O.Stepko artıq bu Oyunlara lisenziyanın sahibidirlər. Əlavə lisenziyaları əldə etmək şansı isə bədii gimnastika üzrə böyüklərdən ibarət qrup hərəkətləri komandamıza və hər birində 1 idmançı olmaqla, kişi və qadın idman gimnastikası təmsilçilərimizə məxsusdur.

Bu il Bakıda 3 Dünya Kuboku mərhələləri keçiriləcək - idman gimnastikası üzrə fevralda, batut gimnastikası üzrə martda və nəhayət, iyul ayında bədii gimnastika üzrə yarışlar baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti