Bakı. Trend:
Mayın 2-də Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatında uğur qazanmış cüdoçular və onların məşqçiləri ilə görüşüb.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, görüşdə çıxış edən R.Abdullayev idmançıları 46 ölkə arasında bürünc medal qazanmaları münasibətilə təbrik edib, bu nəticəni ölkə idmanında yeni səhifə kimi dəyərləndirib. 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucovun qızıl, 60 kiloqram çəki dərəcəsində Orxan Səfərovun gümüş medal qazanmasının bu idman növünə gənclərdə xüsusi maraq yaratdığını deyən Federasiya prezidenti 6-9 may tarixlərində Bakıda keçiriləcək Qran-Pri yarışlarında idmançılardan daha böyük nailiyyətlər gözlədiyini deyib.
Rio-de-Janeyroda keçiriləcək olimpiadaya 6 lisenziyanın qazanılması növbəti yarışlarda 7-ci lisenziyanın qazanılacağına böyük ümüdlər yaradır. R.Abdullayev çıxışının sonunda tarixdə ilk dəfə Avropa çempionatının bürünc medalını qazanmaları münasibətilə cüdoçuları və məşqçi heyətini bir daha təbrik edib.
Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Peter Zayzenbaher və federasiyanın vitse-prezidenti Sadıq Sadıqov komanda üzvləri adından idmançılara yaradılmış şəraitə görə təşəkkür edib, Bakı Qran-Prisində daha yüksək nəticələrlə idmansevərləri sevindirmək əzmində olduqlarını vurğulayıblar. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti möhtərəm İlham Əliyev cənablarına idmana və idmançılara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda idmançılara hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.