...

Rövnəq Abdullayev beynəlxalq yarışlarda uğur qazanmış cüdoçularla görüşüb (FOTO)

İdman Materials 8 Oktyabr 2016 16:20 (UTC +04:00)
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev beynəlxalq yarışlarda medal qazanmış cüdo üzrə milli komandalarımızın üzvləri və məşqçi heyəti ilə görüşüb.
Rövnəq Abdullayev beynəlxalq yarışlarda uğur qazanmış cüdoçularla görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev beynəlxalq yarışlarda medal qazanmış cüdo üzrə milli komandalarımızın üzvləri və məşqçi heyəti ilə görüşüb.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, R.Abdullayev Braziliyanın Rio de Janeyro şəhərində keçirilən Olimpiya və Paralimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş idmançıları təbrik edib.

Tədbir iştirakçılarına məlumat verilib ki, ötən bir il ərzində idmançılarımız 41 beynəlxalq səviyyəli yarışda 150 medal qazanıblar. Bunlardan 50-si qızıl, 29-u gümüş və 71-i bürünc medaldır. Qeyd olunub ki, bu yarışlardan ən mötəbəri hesab olunan 31-ci Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçularından iki nəfər Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) gümüş medala sahib olub.

Bu tarixi zəfərlərə imza atan hər iki cüdoçumuz hazırda öz çəkilərində bütün rəqiblərini qabaqlayaraq Beynəlxalq Cüdo Federasiyasının dünya reytinq cədvəlinə başçılıq edirlər. Həmçinin Rioda keçirilən 15-ci Paralimpiya Oyunları da Azərbaycan cüdoçuları üçün uğurlu olub. Paracüdoçularımızdan 3 nəfər ölkəmizə medal gətiriblər. Bildirilib ki, nailiyyətlər bununla bitmir. 2016-cı ilin aprelində Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət milli seçmə komandası cüdo tariximizdə ilk dəfə olaraq komanda yarışlarına qatılıb və bürünc medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi əsas milli komandamızla yanaşı gənc və yeniyetmə cüdoçularımızın da inkişaf perspektivlərinə böyük önəm verir. Gənc və yeniyetmə cüdoçularımız da ötən bu müddət ərzində Avropa birinciliyi kimi mötəbər yarışda böyük uğur qazanıblar. Gənclərdən ibarət milli komandamız İspaniyanın Malaqa şəhərində keçirilmiş Avropa birinciliyinin fərdi yarışlarında 2 qızıl medal qazanmaqla yanaşı, Azərbaycan cüdo tarixində ilk dəfə olaraq komanda yarışlarında finala yüksələrək gümüş medala layiq görülüb. Yeniyetmə cüdoçularımız isə Finlandiyanın Vantaa şəhərində baş tutmuş Avropa birinciliyini 2 qızıl və 1 bürünc medalla başa vurublar.

Bununla yanaşı qabaqcıl məşqçilərimiz, hakimlərimiz və digər mütəxəssislərimiz müntəzəm olaraq beynəlxalq seminarlarda və təcrübə mübadiləsi proqramlarında iştirak edir, öz bilik və bacarıqlarını artırırlar. Azərbaycanın veteran cüdo hərəkatı da diqqətdən kənarda qalmayıb. 2016-cı ildə Xorvatiyada keçirilən Avropa çempionatına veteran cüdoçularımız ezam olunub və onlar Vətənə 5 qızıl, 1 gümüş və 1 bürünc medalla qayıdıblar. Ötən bu müddət ərzində respublika, regional və şəhər miqyaslı çempionat və birinciliklər də yüksək təşkilatçılıq səviyyəsi, iştirakçıların rekord sayı ilə yaddaqalan olub. 2016-cı ilin may ayında Bakıda keçirilən ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük Dəbilqə” turniri ən yüksək səviyyədə təşkil olunub. Bu fakt Beynəlxal Cüdo Federasiyasından daxil olmuş ekspertlər qrupunun yekun hesabat protokolunda da öz əksini tapıb. Vurğulanıb ki, Beynəlxalq Cüdo Federasiyasının Braziliyanın Rio de Janeyro şəhərində keçirdiyi konqresdə 2018-ci il dünya çempionatının Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilib və bu barədə müvafiq sazişin yaxın zamanda imzalanacaq.

Sonra ötən bir il ərzində yüksək nəticələr göstərmiş cüdo üzrə milli komandaların üzvləri və məşqçi heyəti mükafatlandırılıb. Tədbirin sonunda çıxış edən R.Abdullayev idmançıları bir daha təbrik edərək bildirib ki, idmançılarımızın bütün yarışlarda iştiraklarını təmin etməli və Tokio olimpiadasına daha çox lisenziya qazanmalıyıq. Federasiya prezidenti qeyd edib ki, lisenziya qazanan idmançılar üçün xüsusi mükafatlar müəyyənləşdirilib. Həmçinin 2018-ci ildə cüdo üzrə Dünya çempionatının yüksək səviyyədə keçirilməsi üçün bütün hazırlıqlar həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti