Bakı. Ənvər Məmmədov - Trend:
Bakı kişi idman gimnastikası üzrə Avropa çempionatını keçirməyə layiqdir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə FIG idman gimnastikası üzrə texniki komitənin prezidenti Stiv Butçer deyib.
Qeyd edək ki, 2020-ci il mayın 6-10-u Bakıda kişi idman gimnastikası üzrə XXXIV Avropa çempionatı keçiriləcək. Bundan əvvəl Azərbaycan 3 dəfə - 2007, 2009 və 2014-cü illərdə bədii gimnastika üzrə Avropa çempionatını qəbul edib. Gələn il isə batut gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.
Texnikli komitənin rəhbəri qeyd edib ki, Azərbaycanda kişi idman gimnastikası daha da inkişaf edir və azərbaycanlı gimnastların yüksək nəticələr əldə etmək üçün bütün şansları var.
Bakıda keçirilən kişi idman gimnastikası üzrə FIG beynəlxalq hakimlik kurslarından danışan S.Butçer bu kursların hakimlər üçün yaxşı şans olduğunu deyib və iştirakçılar üçün yaradılan şərtlər üçün təşkilatçılara minnətdarlığını bildirib.
Qeyd edək ki, bu gün Bakıda kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları start götürüb. Fevralın 6-dan 9-dək davam edəcək kurslarda 17 federasiyadan 66 hakim iştirak edir. Azərbaycanı kurslarda 6 hakim təmsil edir.