...

Baş məşqçi: Azərbaycanlı batutçular Dünya kubokunda yaxşı nəticə üçün əllərindən gələni edəcəklər (FOTO)

İdman Materials 9 Fevral 2017 15:38 (UTC +04:00)
Azərbaycanlı batutçular Bakıda keçiriləcək Dünya kubokunda maksimum çalışaraq bütün qüvvələrini verəcək
Baş məşqçi: Azərbaycanlı batutçular Dünya kubokunda yaxşı nəticə üçün əllərindən gələni edəcəklər (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanlı batutçular Bakıda keçiriləcək Dünya kubokunda maksimum çalışaraq bütün qüvvələrini səfərbər edəcəklər.

Bu sözləri Trend-ə batut gimnastikası üzrə milli komandanın baş məşqçisi Vladimir Şulikin deyib.

Onun sözlərinə görə, idmançılar yarışa hazırdır.

O deyib: “Bir qədər görüləsi işlər var, amma fiziki hazırlıq cəhətdən hər şey qaydasındadır. Psixoloji hazırlıqda da hər şey yaxşıdır. Biz ötən Dünya kubokunda buraxdığımız səhvləri düzəltmək istəyirik. Biz çalışacağıq ki, yaxşı nəticə üçün əlimizdən gələni edək. Komandada əhval-ruhiyyə yüksəkdir.”

O qeyd edib ki, Dünya kuboku 2018-ci ildə Bakıda keçiriləcək Avropa çempionatı üçün həm idman, həm də təşkilatçılıq baxımından yaxşı hazırlıq olacaq: “Yeni Olimpiya dövrü artıq başlayıb. Bizim üçün dördillik dövrün əsas məqsədi Olimpiadaya vəsiqə qazanmaqdır. 2019-cu ildə də Bakıda Dünya kubokunun bir mərhələsi keçiriləcək. Bu, Olimpiya oyunlarına lisenziya verən ilk mərhələ olacaq”.

V.Şulikin bildirib ki, qarşıdakı Dünya kuboku da ötən il olduğu kimi güclü idmançıları cəlb edəcək. O, bu yarışda əsas rəqiblərin Belarus, Rusiya, Yaponiya və Portuqaliya idmançıları olacağını deyib.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının yeni Olimpiya dövründə batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku 18 və 19 fevral tarixlərində Bakıda Milli Gimnastika Arenasında baş tutacaq.

15 ölkədən paytaxtımıza təşrif buyuracaq 85 nəfər batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Azərbaycanı batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku Bakıda artıq ikinci dəfədir təşkil olunur. Bu il isə tamblinq üzrə bu qəbildən olan yarışların ölkəmizdə debütüdür. Yüksək səviyyəli təşkilatçılığı ilə hər zaman fərqlənən gimnastika yarışları bu dəfə də bir çox yenilikləri ilə yadda qalacağını vəd edir.

Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fleşmoblarda da iştirak edə biləcəklər.

Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti