...

Tamaşaçılar Ginnesin rekordlar kitabına düşmüş gimnastın çıxışını buraxmamalıdır (FOTO)

İdman Materials 15 Mart 2017 14:31 (UTC +04:00)
16-19 mart tarixlərində Bakıda kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək
Tamaşaçılar Ginnesin rekordlar kitabına düşmüş gimnastın çıxışını buraxmamalıdır (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bakı sakinləri Ginnesin rekordlar kitabına düşmüş gimnast Oksana Çusovitinanın idman gimnastikası üzrə Dünya kubokundakı çıxışını heç bir halda buraxmamalıdır.

Bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) texniki komitəsinin nümayəndəsi Nadejda Seyle deyib.

Onun sözlərinə görə, tarixdə ilk dəfə Dünya kuboku yeni işıqlandırma ilə keçirilir: “İşıq idmançının çıxış etdiyi alət üzərinə düşəcək. Bu, tamaşaçıların marağını cəlb etməlidir, çünki onlar öz diqqətlərini gimnast üzərində cəmləyəcəklər. Tamaşaçılar meydançada nə baş verdiyini anlamalıdır”.

O, Dünya kubokunda çox güclü idmançıların iştirak edəcəyini vurğulayıb: “Bakıda gimnastika dünyasının parlaq ulduzu - ruminıyalı Katalina Ponor, yunanıstanlı Vasiliki Millusi və əlbəttə ki, Ginnesin rekordlar kitabına düşmüş Oksana Çusovitina çıxış edəcək. O, sadəcə gimnastikanın fenomenidir, tamaşaçılar heç bir halda onun çıxışını buraxmamalıdır”.

Qeyd edək ki, 16-19 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən ümumilikdə 85 kişi, 35 qadın idmançının çıxışı gözlənilir.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti