...

"Qarabağ"ı "Neftçi" dayandırdı

İdman Materials 7 May 2018 13:16 (UTC +04:00)

Bakı. Trend:

XXVI turda “Neftçi” ilə qarşılaşan “Qarabağ”ın Premyer Liqadakı 3 uğurlu seriyası qırılıb.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun yetirmələri həm çempionatda, həm də evdə 17 matçlıq məğlubiyyətsizliyinin qırılmasına üzülüb. Bu seriyaları qıran Tərlan Əhmədovun baş məşqçisi olduğu “Neftçi” isə son illərin çempionu ilə görüşlərdəki qələbəsizlik seriyasına da son qoyub.

Ağdam təmsilçisi bu oyunadək mövsümdə yeganə olan məğlubiyyətlərini 2017-ci il oktyabrın 22-də almışdı. “Qəbələ”yə səfərdəki 0:1 hesablı məğlubiyyətdən 196 gün sonra xalsız qalan Ağdam klubu ardıcıl 17 oyunda uduzmamışdı. Bu matçlarda “Qarabağ” 13 qələbə qazanıb, 4 heç-heçə edib.

Ağdam klubu həm də cari mövsümdə ilk ev məğlubiyyətini alıb. Əvvəlki 13 görüşdə 10 qələbə qazanan, 3 heç-heçə edən Q.Qurbanovun komandasının ilk uğursuzluğu öz meydanındakı son matça təsadüf edib. Maraqlıdır ki, evdəki məğlubiyyətsizlik də 17 oyun sürüb. Sonuncu dəfə ötən il fevralın 28-də “İnter”ə (indiki “Keşlə”) 0:1 hesabı ilə uduzan “Qarabağ” 432 gündən sonra evdə xalsız qalıb. Bu müddətdə komanda 13 qələbə qazanıb, 4 heç-heçə edib.

“Neftçi” “İnter”dən sonra 2015-ci ildə inşa olunan “Azersun Arena”da qələbə qazanan 2-ci komanda olub. Belə ki, bu stadiona köçəndən sonra “Qarabağ” yalnız bu iki görüşdə uduzub.

“Neftçi”nin “Qarabağ”la görüşlərdəki uğursuz seriyası da qırılıb. Tərlan Əhmədovun yetirmələri 9 oyundur yenə bilmədikləri Ağdam təmsilçisini 889 gündən sonra məğlub edib. “Qarabağ” “ağ-qaralar”a sonuncu dəfə 2015-ci il noyabrın 29-da məğlub olmuşdu – 0:1. Bu müddətdə ağdamlılar 7 qələbə qazanıb 2 heç-heç etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti