...

Güləşçilərimiz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq

İdman Materials 15 Noyabr 2018 09:06 (UTC +04:00)
Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatının ikinci günündə yunan-Roma güləşi üzrə beş pəhləvanımız mübarizəyə qoşulub.
Güləşçilərimiz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq

Bakı. Trend:

Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatının ikinci günündə yunan-Roma güləşi üzrə beş pəhləvanımız mübarizəyə qoşulub. Onlardan üçü mübarizəyə təsnifat, ikisi isə səkkizdəbir final mərhələsindən başlayıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov ilk mərhələdə Özbəkistan idmançısı İslamcan Bəhramova çətinlik çəkmədən qalib gəlib. Pəhləvanımız qırğızıstanlı rəqibi Rüstəm Teişovu mübarizədən kənarlaşdıraraq dörddəbir finala yüksəlib. Bu mərhələdə gürcüstanlı Dato Çxartişviliyə qalib gələn idmançımız yarımfinalda türkiyəli Kərəm Kamalı məğlubiyyətə uğradaraq finala yüksəlib. Bu gün axşam saatlarında keçiriləcək final görüşündə M.Məmmədov Yaponiya təmsilçisi ilə üz-üzə gələcək.

Təsnifat mərhələsində amerikalı Nolan Robert Bakeri məğlub edən Kərim Cəfərov (67 kq) daha sonra yaponiyalı Ryo Nakahaşini də vaxtından əvvəl üstələyib. K.Cəfərov qazaxıstanlı Meirzxan Şermaxanbet ilə gərgin keçən görüşdən qalib ayrılaraq adını yarımfinala yazdırıb. O, macarıstanlı Otto Losonşiyə də heç bir şans verməyib və finala çıxan ikinci güləşçimiz olub. K.Cəfərov noyabrın 14-də həlledici qarşılaşmada Misir təmsilçisi Məhəmməd İbrahim Əlsəyid ilə görüşəcək.

Orxan Nuriyev (97 kq) ilk görüşdə Macarıstan təmsilçisi Şolt Toeroekə müqavimət göstərə bilməyib. Ancaq rəqibin finala çıxması güləşçimizə bürünc medal uğrunda mübarizə aparmaq imkanı yaradıb. O.Nuriyev noyabrın 14-də ilk təsəlliverici görüşdə finlandiyalı həmkarı Matti Elias Kuosmanendən üstün olub. Güləşçimiz özbəkistanlı Teymur Mirzə Mamacanovu da mübarizədən kənarlaşdıraraq bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi İran pəhləvanı Əli Əkbər Heydəri olacaq.

Digər idmançılarımız İslambek Dadov (72 kq) və Eltun Vəzirzadə (82 kq) çempionatı medalsız başa vurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti