...

Bakıda dünya çempionatına hazırlıq tam sürətlə davam edir - Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi

İdman Materials 24 Fevral 2022 20:01 (UTC +04:00)
Bakıda dünya çempionatına hazırlıq tam sürətlə davam edir - Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Yaş qrupları yarışlarına və Dünya çempionatına hazırlıq tam sürətlə davam edir.

Bunu Trend-ə akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi İradə Qurbanova akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı çərçivəsində deyib.

"Yarışlara hazırlıq gücləndirilmiş rejimdə gedir, məşqlər gündə iki dəfə keçirilir, idmançılar üçün gözəl şərait yaradılıb. Yarışlarda müxtəlif ölkələrdən güclü gimnastlar çıxış edəcək, bizi gərgin mübarizə gözləyir. Bu gün birincilikdəki yarışları izləyərkən müşahidə etdim ki, böyük gimnastlar psixoloji cəhətdən çempionata hazırdır. Bu, əsas komandadır, idmançıların yarış təcrübəsi var və ümid edirəm ki, onlar bunun öhdəsindən gələcək", - deyə o bildirib.

Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı barədə danışan baş məşqçi bildirib ki, yarışlar uzun fasilədən sonra təşkil olunub.

"Çox şadam ki, yarışlar baş tutdu. Əlbəttə ki, yarışda daha çox iştirakçı görmək istərdik, amma nəzərə almaq lazımdır ki, koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərə görə bir çox klublar işləməyib. Bu yarış bizim üçün böyük əhəmiyyət daşıyır, çünki bunu ölkəmizi iki iri yarışda təmsil edəcək idmançılar üçün sınaq məşqi hesab etmək olar", - İ.Qurbanova deyib.

Qeyd edək ki, akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş qrupları yarışları martın 3-6-da, 28-ci Dünya çempionatı martın 10-13-də keçiriləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti