...

Federasiya rəhbərliyi üzgüçülük tarixində ilkə imza atan idmançı ilə görüşüb (FOTO)

İdman Materials 22 İyul 2022 14:05 (UTC +04:00)
Federasiya rəhbərliyi üzgüçülük tarixində ilkə imza atan idmançı ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında bürünc medal qazanan milli komandanın üzvü Ramil Vəlizadə ilə görüşüb.

Federasiyanın mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimovun Trend-ə verdiyi məlumata görə, görüşdə müstəqil Azərbaycanın üzgüçülük tarixində bir ilkə imza atıldığı, bu qələbənin ölkəmizdə idmanın inkişafına göstərilən qayğının bariz bir nümunəsi olduğu bir daha vurğulanıb. İdmançı ilə görüşdə federasiyanın Fərid Bənənyarlı ölkə başçısı İlham Əliyevin və 1-ci vitse Prezident Mehriban Xanım Əliyevanın idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açdı, bunun nəticəsi kimi Azərbaycan idmançılarının dünya arenalarında qazandıqları uğurların məhz bunun sayəsində mümkün olduğunu qeyd etdi:

“Ölkə başçısı Azərbaycanda bütün sahələr kimi su idman növlərinin də daha da inkişaf etdirilməsini qarşımıza məqsəd qoyub. Bunun üçün dövlətimiz tərəfindən hər bir lazımi şərait yaradılıb. Bu istiqamət Azərbaycan Gənclər və İdman Nazirliyi də öz dəstəyini göstərir. Biz də öz növbəmizdə artıq yeni bir sistemlə işimizi qurmağı nəzərdə tutmuşuq. Bunun üçün də bir sıra yeniliklər etməyi planlaşdırmışıq. Artıq görülən işlər öz bəhrəsini verməyə başlayır. Ramil Vəlizadənin qələbəsi hamımızı sevindirdi. Ümidvarıq ki, Ramillə bərabər digər idmançılarımız da yüksək nəticələrlə Azərbaycanın bayrağını yüksəklərə qaldırmağa nail olacaqlar” deyə baş katib görüşdə vurğulayıb.

Rəhbərliklə görüşdə Ramil Vəlizadə ona və digər idmançılara göstərilən diqqət və qayğıya görə, yaradılan münbit şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə, 1-ci vitse prezident Mehriban xanım Əliyevaya, başda Fərid Qayıbov olmaqla Gənclər və İdman Nazirliyinə, başda Xanlar Fətiyev olmaqla Azərbaycan Üzgüçülük Federasiyasına öz minnətdarlığımı bildirib. O bundan sonra da yorulmadan güclü məşqləri davam etdirəcəyini, qarşıdaki yarışlarda daha da böyük uğurlar qazanacağına söz verdi.

Görüşdə gənclərin Avropa çempionatında bürünc medal qazanan milli komandanın üzvünə federasiyanın rəhbərliyi tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti