Şəki. Trend:
Şəkidə altı gimnastika növü üzrə keçirilən birgə yarışlarda dostluq və dəstək mühiti hökm sürür.
Bu barədə Trend-ə akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi İradə Qurbanova məlumat verib.
"Şəki Olimpiya İdman Kompleksində yaradılan şərait altı gimnastika növü üzrə birgə yarışlar kimi möhtəşəm idman tədbirlərinin keçirilməsinə imkan verir. Akrobatika Gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri gözəl Şəki şəhərində təşkil olunan yarışlarda iştirak etməkdən xoşbəxtdirlər. Çoxumuz ilk dəfə bura gəldik, idmançılar üçün maraqlı ekskursiya təşkil olundu. Birgə yarışlarda gözəl dostluq ab-havası hökm sürür. Müxtəlif gimnastika növlərinin nümayəndələri bir-birinə dəstək olurlar”, - deyə baş məşqçi bildirib.
İradə Qurbanova əlavə edib ki, gimnastikanın müxtəlif növləri üzrə Azərbaycan milli komandalarının nümayəndələri cari ili uğurla başa vururlar: “Bu il müxtəlif gimnastika növləri üzrə beynəlxalq yarışlarda qələbələrimiz və mükafatlarımız oldu".
Qeyd edək ki, dekabrın 8-11-də Şəki Olimpiya İdman Kompleksində gimnastikanın altı növü üzrə birgə yarışlar keçirilir. Yarışlar Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunub.
Yarış proqramına kişilər arasında bədii gimnastika və akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan çempionatı, qadın idman gimnastikası, batut üzərində tullanma və aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı və bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı daxildir.