Şəki. Trend:
Şəkidə möhtəşəm gimnastika qala şousu keçirildi və mən orada iştirak etdiyimə görə məmnunam. Dəvətə görə Azərbaycan Gimnastika Federasiyasına dərin təşəkkürümü bildirirəm.
Bunu cümə günü Trend-ə kişi idman gimnastikasının nümayəndəsi, Tokio 2020 Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat Avropa çempionu, türkiyəli gimnast Ferhat Arıcan deyib.
Altı gimnastika növü üzrə birgə yarışlar çərçivəsində təşkil olunan qala şouda digər dünya gimnastika ulduzları arasında Ferhat Arıcan da çıxış edib.
"Azərbaycanda olmaqdan xoşbəxtəm, hər dəfə bura gələndə özümü əla hiss edirəm, çünki Azərbaycan qardaş ölkədir. Dünya çempionatında Bakıda çıxış edəndə Azərbaycan ictimaiyyəti məni dəstəklədi. Mən buna görə Azərbaycan xalqına ürəkdən təşəkkür edirəm", - deyə idmançı bildirib.
F.Arıcan Şəki şəhərinin mədəniyyəti və tarixi ilə yaxından tanış olmaq imkanı əldə etdiyinə görə şad olduğunu qeyd edib.
"Şəkiyə ilk dəfədir gəlirəm, şəhər qədim tarixə malikdir. Gəzmək imkanım oldu, Şəki Xan Sarayında oldum. İdman yarışlarının təkcə paytaxtda deyil, Azərbaycanın bölgələrində də keçirilməsini əla təşəbbüs hesab edirəm", - deyə idmançı əlavə edib.
Azərbaycan gimnastlarının uğurlarından danışan Ferhat Arıcan onlara Parisdə keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanmağı, daha sonra isə orada yaxşı nəticələr əldə etməyi arzulayıb.
Qeyd edək ki, dekabrın 8-11-də Şəki Olimpiya İdman Kompleksində gimnastikanın altı növü üzrə birgə yarışlar keçirilir. Yarışlar Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunub.
Yarış proqramına kişilər arasında bədii gimnastika və akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan çempionatı, qadın idman gimnastikası, batut üzərində tullanma və aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı və bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı daxildir.