...

Azərbaycan güləşçisi Avropa çempionu oldu

İdman Materials 1 İyul 2023 21:10 (UTC +04:00)
Azərbaycan güləşçisi Avropa çempionu oldu

Bakı. Trend:

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə bildirilib ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.

Ruslan Abdullayev (57 kq) bolqarıstanlı Tanyo Tanev (11:0), gürcüstanlı Luka Qvinjiliya (13:2) və türkiyəli Tolqa Özbekə (6:5) qalib gələrək finala yüksəlib. Abdullayev həlledici görüşdə moldovalı Anton Vlasla güləşib. Rəqibinə heç bir şans tanımayan Ruslan 10:0 hesablı qələbəylə Avropa çempionu olub.

Ramik Heybətov (65 kq) moldovalı Konstantin Kirilovu (8:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ermənistanlı Andranik Avetisyanla bacarmayıb - 4:10.

Cavidan Əhmədov (70 kq) ermənistanlı Davit Marqaryanla (13:7) polşalı Zəlimxan Mutsuxayevi (10:0) yolundan kənarlaşdırsa da, yarımfinalda türkiyəli İbrahim Yaprakla gərgin mübarizə şəraitində keçən görüşdə sonuncu xal prinsipinə əsasən məğlub olub – 8:8. Əhmədov bürünc medal uğrunda avstriyalı Muhamed Bektemirovla güləşəcək.

Sadiq Mustafazadə (79 kq) yunanıstanlı Georgios Terzidislə (9:1) polşalı Mateuş Pedziçkini (8:5) məyus edə bilib. Ancaq 1/4 finalda gürcüstanlı Otari Adeişvili keçilməz olub - 2:6. Mustafazadə təsəlliverici görüşdə litvalı Paulius Leskauskası yarışdan kənarlaşdırıb - 10:0.

Zəfər Əliyev (97 kq) ispaniyalı Enrike Ximenesə tam üstünlüklə (13:0) qalib gəlsə də, 1/4 finalda ukraynalı İvan Primaçenkoya 0:2 hesabıyla məğlub olub. Əliyev təsəlliverici görüşdə fransalı Əsgərxan Xunkayev üzərində böyükhesablı qələbə qazanıb - 10:2.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti