Bakı. Trend:
2023-cü il Azərbaycan Güləş Federasiyası, güləş ictimaiyyəti üçün əlamətdar, qələbələrlə zəngin oldu.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov öz "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Bu il yunan-Roma güləşi üzrə millimiz tarixdə ilk dəfə dünya çempionu titulunu qazandı. Sərbəst, yunan-Roma və qadın güləşçilərimiz dünya çempionatında 2, Avropa çempionatında 5 qızıl medal əldə etdilər. Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə birgə 2023-cü ildə güləş üzrə Avropa və dünya çempionatlarında, eləcə də, Bakıda keçirilmiş hərbçilərin 36-cı dünya çempionatında yüksək nəticələr əldə etmiş idmançılarla görüşdük. Güləşçilərimizi və məşqçilərimizi bir daha təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzulayırıq", - nazir qeyd edib.