...

Tayfur Əliyev Avropa çempionatında köhnə çəkisinə qayıdacaq

İdman Materials 29 Mart 2024 13:38 (UTC +04:00)
Tayfur Əliyev Avropa çempionatında köhnə çəkisinə qayıdacaq

Bakı. Trend:

Trend Azərbaycan millisinin boksçusu Tayfur Əliyevin (63,5 kq) İdman.biz-ə müsahibəsini təqdim edir:

- Bakıda təşkil olunan “Böyük İpək Yolu”nu qızıl medalla başa vurdunuz. Döyüşlərinizi necə dəyərləndirərdiniz?

- Belə yarışlar formamızın yüksəlməsinə, təcrübə qazanmağımıza çox böyük töhfə verir. Yarış çox yüksək səviyyədə keçdi. Rəqiblərimizin hər biri güclü idi. Dünyada Qazaxıstan, Özbəkistan və Rusiya boksçuları seçilirlər. Onlar da turnirdə iştirak edirdilər və görüşlərin çətin keçəcəyini öncədən də bilirdik. Biz də “Böyük İpək Yolu”na çox yaxşı hazırlaşmışdıq.

İlk rəqibim azərbaycanlı dünya çempionu Cavid Çələbiyev idi. Onunla artıq 3-cü dəfədir ki, qarşılaşırdıq. Əvvəlki görüşlərdə hərəmiz 1 dəfə qalib gəlmişdik. Düşünürəm ki, hər ikimiz üçün revanş meydanı idi. Qələbə qazanıb. İkinci rəqibim isə olduqca güclü rus idmançısı İlya Popov idi. Həm sürət, həm texniki baxımdan tam formada olan bir boksçudur. Lakin nə qədər güclü olsa da, onun da zəif tərəfləri var.

Mən də bu amillərdən istifadə edərək, qalib gəlməyi bacardım. Finalda özbək boksçu ilə üz-üzə gəldim. Dünyada çox tanınmasa da, güclü, dözümlü bir idmançıdır. Bu turnirdən çempion olaraq ayrıldığım üçün sevincləyəm. Doğma vətəndə, doğma azarkeşlərimiz qarşısında qalib olmaq mənim üçün fəxrdir.

- Qarşıda Avropa çempionatı və lisenziya turniri gəlir. Artıq 63,5 kq-da özünü tapdığını demək olar?

- Bəli, mən daha öncə 60-da döyüşmüşəm. Amma bu il Olimpiya Oyunlarına görə çəkimi dəyişmək məcburiyyətində qaldım. Hazırda dünya reytinqində bu çəkidə yer alıram. Məşqçilərimlə isə qərara gəldik ki, aprelin 15-də start götürəcək Avropa çempionatında məhz 60 kq-da mübarizə aparım. Çünki belə olanda medal şansım daha çoxdur və bu çəki dərəcəsində daha təcrübəliyəm. Düşünürəm ki, bu çempionatda da medal qazanacağam. Tailandda keçiriləcək lisenziya turnirdə isə yenidən 63,5 kq-a qayıdacağam.

- Bəs çəki dəyişikliyi hansısa döyüşdə özünü büruzə verirmi? Çünki 3,5 kq çəkinin görüşlərdə rolu az deyil.

- Boksda 1 kq-ın belə çox önəmi var. Elə boksçular var ki, 68 kq-dan çəkisini 63,5 kq-a salır. Belədə zərbələri daha ağır, güclü olurlar. Mən isə cəmi 1-1,5 kq çəki salıram. Bu halda təbii ki, rəqib üstün olur. Hazırda hər iki çəkidə döyüşməkdə problem yoxdur. Yarışa uyğun olaraq məşqçilərlə birlikdə bunu nizama salırıq. İndi çəkimi çox qaldıra bilmirəm. Maksimum 65 kq-a qədər artır. Əgər 63,5 kq-da özümü daha zərbələrdən qorumağa çalışıramsa, 60 kq-da daha sürtəli davranıram.

Xəbər lenti

Xəbər lenti