...

Qələbə soraqları sayəsində yazın nəfəsi idmanda da hiss olundu - Fərid Qayıbov

İdman Materials 3 Aprel 2024 23:36 (UTC +04:00)

Bakı. Trend:

“Yazın gəlişi ilə oyanan təbiət idmanımıza da öz pozitiv enerjisini ötürməkdədir. “İdman həftəsi” ilə müşayiət olunan martın ilk günlərindən gələn qələbə soraqları sayəsində yazın nəfəsi idmanda da hiss olundu”.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov mart ayını dəyərləndirərkən deyib.

O, “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə ənənəvi görüş xoş təəssüratlarla keçib: “Qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə ənənəvi görüşümüz bu dəfə də xoş təəssüratlarla keçdi. Ağırlıqqaldırma, bədii gimnastika, kişi idman gimnastikası, tamblinq, MMA, cüdo, güllə atıcılığı, stend atıcılığı, sumo, karate, para-atletika, paracüdo, parataekvondo, savat və prokombat, taekvondo, sərbəst güləş, yunan-Roma güləşi, qadın güləşi idman növlərində uğur qazanmış idmançılarımızın iştirak etdikləri yarışlar, qazandıqları qələbələrlə bağlı təəssüratlarını dinlədik və gələcək yarışlara hazırlıqlarını yığma komandaların məşqçiləri ilə müzakirə etdik”.

Nazir Avropa çempionatında yüksək nəticələr əldə etmiş güləşçilər və məşqçi heyəti ilə görüşlə bağlı da fikirlərini açıqlayıb: “Avropa çempionatında yüksək nəticələr əldə etmiş güləşçilər və məşqçi heyəti ilə, eləcə də Xarici Dillər Təmayüllü Gimnaziyada təhsil alan şagird-güləşçilərlə Azərbaycan Güləş Federasiyasının prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev ilə birlikdə görüşdük. Güləşçilərimiz bu il də ənənəyə sadiq qalaraq qitə birinciliyində böyük uğurlar qazanıblar. Hazırda Xarici Dillər Təmayüllü Gimnaziyada ölkənin müxtəlif bölgələrindən 50-yə yaxın yeniyetmə güləşçi təhsil alır. Qida və yataqxana ilə təmin edilən məktəblilər tədrislə yanaşı, kompleksin idman zalında sərbəst və yunan-Roma güləşi üzrə təlim-məşq prosesinə də cəlb edilirlər. Bu isə güləşin inkişafı üçün əlavə təkan olacaq”.

Fərid Qayıbov martda Paris-2024 Yay Olimpiya Oyunlarına qazanılan lisenziyalara münasibət bildirib: “Mart ayında idmançılarımız daha iki lisenziya qazandılar. Əvvəlcə boksçumuz Nicat Hüseynov (51 kq) İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinin 1/4 finalında Rosko Hillə (ABŞ) qalib gəlməklə Olimpiyaçı statusu qazandı. Ardınca isə batut gimnastikası üzrə milli komandamızın üzvü Selcan Mahsudova bu hüquqa nail oldu. Sevindirici haldır ki, bu, Azərbaycan gimnastika tarixində batutda qazanılan ilk lisenziyadır”.

Nazir bildirib ki, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar fevralın 28-dən start götürmüş “İdman həftəsi” martın 5-də Qubada idman paradı ilə başa çatıb: "Bu müddətdə nazirliyin, eləcə də regional idarələrimizin, idman federasiyalarının birgə təşkilatçılığı ilə yüzdən çox müxtəlif tədbir keçirdik. Bu tədbirlər sayəsində həftə ərzində ölkəmizdə idman xüsusi diqqət mərkəzində oldu. “İdman həftəsi”ndə fəal olan hər kəsə təşəkkür edirəm.
Əlamətdar hadisələrdən biri də 2024-cü il üçün "İdman səfirləri”nin seçilməsi oldu. Nazirliyin növbədənkənar Kollegiya iclasında səsvermədən öncə hər bir namizədin təqdimatı və proqramı dinlənildikdən sonra 5 idman səfirimiz seçildi. Onları təbrik edirəm və il ərzində bütün ölkədə, o cümlədən də regionlarda idmanın təbliği üçün fəaliyyətlərində uğurlar arzulayıram”.

O, idman sahəsində beynəlxalq əlaqələrin perspektivlərinə də toxunub: “Litva Respublikasının Milli İdman Agentliyinin direktoru Mindauqas Şpokasla, Gürcüstan parlamentinin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Qivi Mikanadze ilə, Qırğızıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Kayrat Osmanəliyevlə, eləcə də Mərakeşin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Məhəmməd Adil Embarş ilə görüşlər zamanı idman sahəsində əməkdaşlığın gələcək perspektivlərini müzakirə etdik”.

Nazir regional gənclər və idman idarələrinin rəisləri, Olimpiya İdman Komplekslərinin, Gənclər Evlərinin direktorları və uşaq-gənclər idman məktəblərinin rəhbərləri ilə növbəti görüşün bu dəfə 2024-cü il üçün ölkəmizin “İdman Paytaxtı” Quba şəhərində baş tutduğunu da vurğulayıb: "Görüşdə gənclər və idman sahələrində görülən işləri, gələcək fəaliyyət məsələlərini müzakirə etdik. “İdman Paytaxtı”nda daha bir görüşümüz idman federasiyalarının nümayəndələri ilə oldu. Sayca 13-cü olan və Quba Olimpiya İdman Kompleksində təşkil olunan görüşdə federasiya nümayəndələri və mütəxəssislərlə son vaxtlar görülmüş işlər, qarşıda duran vəzifələr haqqında danışdıq, onların rəy və təkliflərini dinlədik və aktual məsələləri birgə müzakirə etdik”.

O, Azərbaycan Reqbi Federasiyasının növbədənkənar ümumi yığıncağı və ölkəmiz növbəti dəfə idman gimnastikası üzrə Dünya Kuboku ilə bağlı da fikirlərini qeyd edib: “Federasiyaların fəaliyyətinin optimallaşdırılması prosesi də davam etməkdədir. Bu dəfə Azərbaycan Reqbi Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirildi və Röyal Süleymanov federasiya prezidenti seçildi. İnanıram ki, ölkəmiz üçün ənənəvi olmasa da, qarşıdakı illərdə bu idman növündə də canlanmaya şahid ola biləcəyik.

Demək olar ki, hər ay beynəlxalq yarışların məkanı olan ölkəmiz növbəti dəfə idman gimnastikası üzrə Dünya Kubokuna uğurla ev sahibliyi etdi. Qeyd edim ki, ölkəmiz ənənəvi olaraq hər il gimnastika növləri üzrə 3 Dünya Kubokuna ev sahibliyi edir və bu yarışlar Azərbaycanda gimnastikanın inkişafında əhəmiyyətli rol oynayır”.

Xəbər lenti

Xəbər lenti