...

Belə güman etmirdim - Namiq Abdullayev

İdman Materials 9 Aprel 2024 13:54 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayevin İdman.bizə müsahibəsi

- Sərbəst güləş üzrə Azərbaycan millisi Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 5 lisenziya qazandılar. Yarışdan öncə bunu gözləyirdiniz?

- Bu, rəhbərlik tərəfindən irəli sürülən bir tapşırıq idi. Güləşçilərimiz artıq bir çox yarışlarda iştirak etmişdilər. Onların hər biri lisenziya almağa layiq idilər. Əliabbas Rzazadə (57 kq) Avropa çempionatında uduzduğu şimali makedoniyalı Vladimir Yeqorova yarımfinalda qalib gəldi. Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Giorgi Meşvildişvilinin (125 kq) də rəqibləri heç də asan deyildi. Amma güləşçilərimiz sona kimi mübarizə aparıb, turniri yaxşı nəticə ilə başa vurdu.

- Onda turnirdən öncə də inamınız tam olub...

- Onların potensialı var idi. Məşqçilər korpusunun hər zaman onlarda aşıladıqları və rəhbərlik tərəfindən onlara göstərilən, diqqət, qayğının nəticəsi olaraq belə bir qələbə qazanıldı. Komandanın qidalanmadan tutmuş, təlim-məşq toplanışlarına qədər hər şey yüksək səviyyədə keçirilib. Bütün bunlara görə də onların hamısına inanırdıq. Çünki güləşçilərimizin hər biri bu lisenziyanı təmin etmək iqtidarında idilər. Nəticə gözləyirdik, amma bu qədər lisenziya güman etmirdim. Çünki idmançı zədələnə və xəstələnə bilər.

- Qazanılan 5 lisenziyadan hansını daha çox fərqləndirərdiniz?

- Həmin 5 güləşçimizdən 3-ü - Əliabbas Rzazadə, Turan Bayramov və Osman Nurmaqomedov gəncdir. Hacı Əliyev isə liderimizdir. Ondan da daim gözləntilərimiz olub. Hacı hər zaman xalça üzərinə çıxanda tanınmış və güclü güləşçilərlə mübarizə aparıb. Onun idman tarixi çox zəngindir. Əliyevdən lisenziya gözləyirdik. Düzdür, yaş amili də var. Həmçinin, Hacının bu turnirə çıxarkən zədələri var idi. Bu zədəni də bərpa etmək çətindir. Hacı özü də qeyd etdi ki, istədiyi kimi güləşə bilməyib. Ümid edirəm ki, Əliyev Olimpiya Oyunlarına zədəsiz hazırlaşar.

- Paris-2024 Yay Olimpiya Oyunlarında komandadan gözləntiniz nədir?

- Proqnoz vermək çətindir. İdmansevərlər kimi mən də hamısından qızıl medal gözləyirəm. Çünki hamı Olimpiya Oyunlarına baş mükafat üçün çıxır. Amma nəzərə alaq ki, Olimpiada sürprizlərlə doludur. Burada sensasiyalar çox olur. Məsələn, Mariya Stadnik Tokio-2020-də görüşün bitməsinə 3 saniyə qalmış qızıl medalı əldən verdi. Demək olar ki, elə Bakıda lisenziya turnirində də eynisi yaşandı. Bütün bunlar o deməkdir ki, Olimpiada ilə bağlı proqnoz vermək asan deyil.

- Sizi baş məşqçi postunda Xetaq Qazyumov əvəzlədi. Sizcə, bu təyinatdan sonra komandada nə dəyişdi?

- Yığmada eyni güləşçilərdir. Bunu Xetaqın özü də bilir. Onlar hazırda fiziki baxımdan xarici mütəxəssislərlə işləyirlər. Bir il böyük müddət deyil. Xetaq zamanında Azərbaycanın idman tarixinə müəyyən töhfə vermiş idmançıdır. Amma yeni məşqçiyə də zaman lazım olur. O da uzun illər Osetiyanın milli komandasını çalışdırıb. Çox təcrübəli və yaxşı mütəxəssisdir. Dəyişiklərlə bağlı onun özü açıqlama verməli idi. Amerikalı mütəxəssis Mark Alan Filipp də güləşçilərimizlə daim işləyir. Bir zamanlar o, gəlib getsə də, indi mütəmadi şəkildə komanda ilə çalışır. Bunun özü də bir dəyişiklikdir, yığmanın çıxışına və fiziki hazırlığına təsir edəcək. Həm sürət, həm də fiziki baxımdan idmançılarımızın yaxşı mənada irəli getməsini istəyirik.

- Avropa Olimpiya Təsnifat Turnirində yunan-Roma və qadın güləşçilərimiz lisenziya qazana bilmədilər. Bunu nə ilə əlaqələndirərdiniz?

- Onlara da lazımı şərait yaradılıb. Serbiyada keçirilən lisenziya xarakterli dünya çempionatında Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq) Paris-2024-ə vəsiqə qazanıb. Bu turnirdə də güləşçilərimizə böyük ümidlərimiz var idi. İnanırdıq ki, ev sahibliyi etdiyimiz yarışda lisenziyalarımızın sayı artacaq. Amma bu, son deyil. Əminəm ki, mayın 9-12-də İstanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirində öz güclərini göstərəcəklər. Mariya Stadnik də inanıram ki, vəsiqəni təmin edəcək.

- Sərbəst güləşçilərimiz Fransa paytaxtına tam heyətlə yollanacaq. Bəs yunan-Roma və qadın güləşi komandalarımızı da nəzərə alsaq, Paris-2024-ə neçə lisenziya planlaşdırılır?

- Artıq 8 lisenziyamız var. İstərdim ki, yunan-Roma və qadınlardan ibarət yığmamız da hər çəkidə lisenziyanı təmin etsinlər. Onlardan da sərbəst güləşdə olduğu kimi, tam heyətlə lisenziya gözləyirəm. İnanıram ki, müəyyən boşluqlar tezliklə aradan qaldırılacaq.

Xəbər lenti

Xəbər lenti