Paris. Trend:
Bu gün Azərbaycanın daha dörd təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal uğrunda mübarizə aparacaq.
Trend-in məlumatına görə, ilk olaraq taekvondoçu Qaşım Maqomedov dayanq üzərinə çıxacaq.
58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolley ilə müabrizə aparacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 11:46-da start götürəcək.
Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) yarışa qoşulacaqlar. Görüşlər saat 13:00-da başlayacaq. Onlar 1/8 final mərhələsində müvafiq olaraq Mohamed Eısayed (Misir) və David Losonçi (Macarıstan) ilə üz-üzə gələcəklər.
Ölkəmizi yunan-Roma güləşində təmsil edən digər idmançımız Sənan Süleymanov (77 kq) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Sənanın rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək. Süleymanovun bürünc medal uğrundakı qarşılaşması Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.