Bakı. Trend:
Bakı Su İdman Sarayında keçirilən üzgüçülük üzrə Azərbaycan Açıq Qış çempionatı milli komandanın üzvləri üçün çox uğurlu oldu. İdmançıların bu günlərdə, 5-24 noyabr tarixlərində Mingəçevir Kür Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçdiyini, hər gün 3 saat olmaqla gərgin keçən məşqlər nəticəsində yüklənməsini nəzərə alsaq onların bu qədər medallara sahib olması, nəticələrindən yüksək çıxış etmələri çox təqdirə layiqdir.
Trend xəbər verir ki, bu açıqlamanı Üzgüçülük idman növü üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov verib.
Onun sözlərinə görə milli komanda məşqlərini intensiv olaraq davam etdirir və üzgüçülərimiz qarşıdakı vacib yarışa hazırlaşırlar:
“18-23 dekabr tarixlərində Estoniyanın Tartu şəhərində keçiriləcək Estoniya Açıq Qış çempionatına hazırlıqlarımız davam edir. İdmançılarımız bu beynəlxalq turnirdə medallar uğrunda mübarizə aparacaqlar. Milli komandamızın üzvlərinin bu yarışda öz bacarıqlarını yüksək səviyyədə nümayiş etdirəcəyinə ümid edirik”, deyə Əbdürrəhmanov əlavə edib.
Milli komandanın baş məşqçisi noyabrın 30-da sona çatan Azərbaycan Açıq Çempionatı haqqında da müsbət fikirlər söyləyib:
“Fürsətdən istifadə edib Azərbaycan Üzgüçülük Federasiyasının və Gənclər və İdman Nazirliyinin, Bakı Su İdmanı Sarayının rəhbərliyinə belə yüksək səviyyədə üzgüçülük yarışının təşkil etdiklərinə görə öz minnətdarlığımı bildirirəm. Qeyd edim ki, ildən-ilə belə yarışlarda Azərbaycanın müxtəlif bölgələrindən idmançıların qatılması və medallar uğrunda gərgin mübarizə aparmaları bizi sevindirir. Naxçıvan, Gəncə, Bərdə, Şəmkir və digər bölgələrimizdən üzgüçülər yarışlarda mübarizə aparırılar. Bu da onun göstəricisidir ki, artıq bütün Azərbaycanda su idman növlərinə maraq artır, idmançıların səviyyəsi yüksəlir” deyə millinin baş məşqçisi vurğulayıb.