...

Əmlakın qeydiyyatında daha bir yenilik – iş yerində qeydiyyat

İqtisadiyyat Materials 17 Fevral 2017 12:48 (UTC +04:00)
“Kütləvi Çıxarış” kompaniyasının keçirilməsində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir yeniliyə imza atılıb.
Əmlakın qeydiyyatında daha bir yenilik – iş yerində qeydiyyat

Bakı. Trend:

“Kütləvi Çıxarış” kompaniyasının keçirilməsində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir yeniliyə imza atılıb.

Komitədən Trend-ə verilən məlumata görə, artıq bu kampaniya çərçivəsində əhaliyə birbaşa onların iş yerlərində də daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstəriləcək. Bundan sonra kütləvi çıxarış kampaniyaları iri sənaye və istehsal müəssisələri, zavodlar, fabriklər və müxtəlif təsərrüfatlarda birbaşa yerlərdə onların işçiləri üçün də keçiriləcək.

İlk belə kampaniya 17 fevral tarixində İmişli rayonunda yerləşən, çoxsaylı əmək kollektivi olan İmişli Şəkər zavodunun işçiləri üçün keçirilib. Qeyd edək ki, zavodda rayonun müxtəlif kənd və qəsəbələrindən həmçinin ətraf rayonlardan olan işçilər çalışırlar. Kampaniya çərçivəsində zavod əməkdaşları iş yerlərindən ayrılmadan, daha rahat və operativ şəkildə qeydiyyat xidmətlərindən faydalanıblar. Kampaniya İmişli Şəkər zavodu işçilərinə vaxtlarını daha səmərəli planlaşdırmağa, əmlaklarına sənəd almaq üçün əlavə ünvanlara getmədən qeydiyyat xidmətlərindən yararlanmağa şərait yaradıb.

Komitənin əməkdaşları tərəfindən mobil ofislər vasitəsilə 50-ə yaxın zavod işçisinə əmlaklarına dair hazır çıxarışlar birbaşa İmişli Şəkər zavodunda təqdim edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. 70-ə yaxın zavod işçisi isə ilkin mərhələdə çıxarışla əvəz olunması üçün lazımi sənədləri komitənin əməkdaşlarına təqdim ediblər. Onlara çıxarışların hazır olacağı tarix və birbaşa ünvana gətiriləcəyi bildirilib.

Xatırladaq ki, kampaniya sosial xarakter daşıdığı üçün zavod işçiləri tərəfindən xidmət haqqı və dövlət rüsumu istisna olmaqla heç bir əlavə ödəniş edilməyib. Vətəndaşlar həmçinin komitənin keçən ay istifadəyə verdiyi innovativ tətbiqetmə olan “Əmlakın qeydiyyatı kalkulyatoru” (http://www.emdk.gov.az/calculator/index.html) vasitəsilə əlavə vaxt itkisi olmadan elektron qaydada dövlət rüsumu və xidmət haqqını əvvəlcədən öyrənə biliblər.

Kampaniya zamanı vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı onları maraqlandıran sualları cavablandırılıb, hüquqi yardım göstərilib. İmişli Şəkər zavodunun işçiləri prosesin belə rahat və sürətli olmasından, birbaşa iş yerlərində keçirilməsindən məmnunluqlarını ifadə ediblər.

Mütəmadi olaraq respublikanın müxtəlif şəhər və rayonlar, kənd və qəsəbələri, habelə əhalinin birbaşa ünvanları ilə yanaşı iş yerlərində də təşkil olunan “Kütləvi çıxarış” kampaniyaları vətəndaşlarımıza öz əmlaklarını maksimum rahat şəkildə, vaxt itirmədən və ödənişi əvvəlcədən öyrənməklə əlverişli şəkildə qeydiyyatdan keçirməyə imkan yaradır. Bütün bu sosial və innovativ tədbirlər qeydiyyat sisteminin formalaşdırılmasında mütərəqqi addımlardır. Belə addımlar vətəndaş-məmur ünsiyyətinin maksimum azalması, əhalinin xidmətlərdən daha rahat və optimal faydalanması ilə nəticələnir. Komitə əhalini bu yeniliklərdən faydalanmağa və yaradılan əlverişli şəraitdən istifadə etməklə əmlaklarını sənədləşdirməyə dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti