...

690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib (FOTO)

İqtisadiyyat Materials 6 İyul 2017 16:12 (UTC +04:00)
2017-ci ilin birinci yarımilliyi ərzində 690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib.
690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib (FOTO)

Bakı. Trend:

2017-ci ilin birinci yarımilliyi ərzində 690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinən məlumat verilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair bu gün İsmayıllı rayonunun Təzəkənd kəndində işgüzar forum keçirib. Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forumda İsmayıllı rayonunun iqtisadi potensialına uyğun olaraq intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev tədbir iştirakşılarına məlumat verərək bildirib ki, 2017-ci ilin birinci yarımilliyi ərzində 690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 2300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bu dövrdə verilən güzəştli kreditlərin 76%-i ölkə regionlarının, 24%-i isə Bakı qəsəbələrinin payına düşür.

İşgüzar forumda Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,5 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, müalicə-sağlamlıq mərkəzinin tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə layihələrin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradacaq. Ümumilikdə isə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 69,3 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində İsmayıllının Kürdmaşı kəndində güzəştli kredit ayrılmış aqroparkda aparılan işlərə baxış keçirilib.

Aqroparklar quşçuluq və heyvandarlığın xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, idxalı azaltmaqla kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsinə şərait yaradır.

Qeyd edək ki, artıq Xaçmaz rayonunda Yalama aqroparkında 1-ci mərhələ üzrə işlər başa çatdırılıb və Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər davam etdirilir. Bundan əlavə, Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və İsmayıllı rayonlarında da aqroparklar yaradılır. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu aqroparkların yaradılmasına 76,1 milyon manat güzəştli kredit verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti