Bakı. Trend:
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası daşınmaz əmlak bazarının inkişafı və tikinti biznesi ilə məşğul olan şirkətlərin Hindistan-Azərbaycan biznes-forumunu təşkil edib.
Hindistanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Hindistanın qərb hissəsində yerləşən Marathi Bandhkam Vyasayik Assosiasiyasının (Maratha Tikinti Biznesi Assosiasiyasının) şirkətlərinin 50-dən çox nümayəndəsi biznes-forumda iştirak edib və Azərbaycan şirkətləri və iş adamları ilə görüşlər keçirib.
Hindistan-Azərbaycan tikinti biznes-forumu Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və Hindistanın Azərbaycandakı səfiri Sancay Rananın sədrliyi ilə keçirilib. V.Zeynalov Hindistan nümayəndə heyətini salamlayaraq bildirib ki, tədbir Hindistan və Azərbaycan şirkətləri arasında əməkdaşlığın müxtəlif sahələri üzrə biznesdən-biznesə müzakirələrinin keçirilməsi üçün yaxşı imkan yaradır.
Tədbirdə çıxış edən Maratha Tikinti Biznesi Assosiasiyasının prezidenti Qacendra Pavar qeyd edib ki, Hindistan nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi üzv şirkətlərin tikinti, infrastruktur və digər sahələrdə biznes imkanları ilə tanış olaraq iki ölkə arasında ticarət və investisiya əlaqələrini genişləndirməkdir. O əlavə edib ki, Hindistan nümayəndə heyəti Azərbaycanda biznes imkanları ilə tanış olmağa həvəs göstərir və güclü biznes əlaqələri yaratmaq arzusundadır.
Hindistanın Marathi Bandkham Vyasayik Assosiasiyasının baş katibi Sandeep Kolatkar Hindistan nümayəndələrinin Bakının əzəmətli memarlığına və şəhərin inkişafına heyran olduqlarını bildirib. Onların səfərlərinin müştərək müəssisələrin yaradılmasına və Hindistan və Azərbaycan şirkətləri arasında biznes əlaqələrinin genişlənməsinə töhfə verəcəyini qeyd edib.
Hindistan səfiri öz çıxışında Azərbaycanın Hindistan üçün önəmli biznes tərəfdaşı olduğunu və iki ölkə arasındakı biznes əlaqələrinin müxtəlif sahələrdə güclü inkişaf etdiyini bildirib. Hindistan "Azəri-Çıraq-Günəşli" neft yatağında iştirak edir və Azərbaycanın neft və qaz sektorunda tərəfdaşıdır. Ölkələr arasındakı ticarət dövriyyəsi 2016-cı ildə 497 milyon ABŞ dollar təşkil edib və cari ildə 65 faizdən çox artıb. O qeyd edib ki, yüklərin Hindistandan Azərbaycana və İran vasitəsilə xaricə daşınmasını asanlaşdıracaq və sürətləndirəcək Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin işə salınması ikitərəfli ticarətin səviyyəsinin daha da artmasına şərait yaradacaq.