Bakı. Trend:
Azərbaycanda çəltikçilik, çayçılıq və sitrus meyvələri üzrə Assosiasiyaların yaradılması təklif edilir.
Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən (KTN) məlumat verilib.
Bildirilir ki, bu gün KTN-də çay, çəltik və sitrus meyvələrinin istehsalı ilə məşğul olan fermer və sahibkarların iştirak etdiyi tədbirdə nazir müavini İlham Quliyev dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, ənənəvi sahələrin, xüsusilə çayçılığın, çəltikçiliyin və sitrus bitkilərinin inkişafı ilə bağlı ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan məqsəd və vəzifələr barədə məlumat verib.
Tədbirdə çıxış edən fermer və sahibkarlar çəltikçilik, çayçılıq və sitrus meyvələri üzrə əldə olunmuş nailiyyətlərdən danışaraq, bu sahələrin dinamik inkişafını təmin etmək üçün subsidiyaların verilmə müxanizminin təkmilləşdirilməsi, məhsul istehsalı və emalında texniki təminatın yaxşılaşdırılması, toxumçuluğun inkişafının stimullaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi və bu sahələrin inkişafı ilə bağlı əsas hədəflərə nail olmaq üçün ictimai əsaslarla hər sahə üzrə Assosasiyaların yaradılması barədə təkliflərini veriblər.
Tədbirdə qeyd edilən məsələlərin həll edilməsi üçün fermer və sahibkarlara qısa zamanda hər 3 sahə: çəltikçilik, çayçılıq və sitrus meyvələri üzrə Assosiasiyaların yaradılması barədə təkliflərini qısa zamanda təqdim etmələri tövsiyə edilib.