...

Nazir restoranlardakı qiymətlərdən danışdı (YENİLƏNİB)

İqtisadiyyat Materials 27 Sentyabr 2017 12:02 (UTC +04:00)
Restoranlara gələn insanların yerli sakin və xarici olmasından asılı olmayaraq, bir menyu əsasında qiymətlər olmalıdır.
Nazir restoranlardakı qiymətlərdən danışdı (YENİLƏNİB)

Bakı. İlhamə İsabalayeva - Trend:

Restoranlara gələn insanların yerli sakin və xarici olmasından asılı olmayaraq, bir menyu əsasında qiymətlər olmalıdır. Bunu etməyənlərə qarşı müvafiq orqanlar tərəfindən tədbirlər görülməlidir.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar bu gün keçirdiyi brifinqdə məlumat verib.

Nazir yol kənarlarında müasir sanitar qovşaqlarının olmamasına da münasibət bildirərək deyib ki, yol kənarlarında yeni, müasir tipli restoranlar yaradılıb: "Azəravtoyol"la danışıqlar aparılıb. Yolboyu bir necə yerdə mədəni xidmətlərin, o cümlədən sanitar qovşaqların yaradılması müzakirə edilib. Bunun mərkəzləşdirilmiş şəkildə olması plan kimi qarşımızda durub. Eyni zamanda, sahibkarlar da bunu fikirləşməlidirlər".

Ə.Qarayev deyib ki, bu gün Azərbaycan mövcud baza ilə 3-3,5 milyon turisti qəbul edə bilər: "Amma yeni tədbirlərin keçirilməsi ilə bu imkanlar genişləndirilməlidir".

Nazirin sözlərinə görə, yerləşdirmə obyektlərində işləyənlərin də təkmilləşdirilməsi vacibdir.

Ə.Qarayev qeyd edib ki, çəkilən əziyyətlərə baxmayaraq, yay-çimərlik sahəsində xidmətlərin artırılmasında istənilən nəticələrə nail olmaq mümkün olmayıb: "Müəyyən yerlərdə çimərlik turizminin təşkili baş tutmadı. Son nəticədə biz nümunəvi çimərliklərin yaradılmasına, beynəlxalq təşkilat tərəfindən qəbul olunacaq nəticələrə nail ola bilmədik. Amma bu istiqamətdə işlər görülür və yerli icra hakimiyyətləri bununla məşğuldur. İnanıram ki, gələn il bu sahədə inkişaf böyük olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti