...

Sənaye müəssisələrində qənaətli istehsal üsulları təşviq olunur (FOTO)

İqtisadiyyat Materials 28 Dekabr 2017 19:47 (UTC +04:00)
“Qənaətli istehsal üsullarına əsaslanan model müəssisə” mövzusunda Konfrans keçirilib.
Sənaye müəssisələrində qənaətli istehsal üsulları təşviq olunur (FOTO)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin dəstəyi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun və “ATEF” Şirkətlər Qrupunun təşkilatçılığı ilə “Qənaətli istehsal üsullarına əsaslanan model müəssisə” mövzusunda Konfrans keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsində müəyyən edilmiş tədbirlərin icrasına həsr olunan Konfransda sahibkarlar və mütəxəssislər iştirak edib.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu sənayeləşmə siyasəti nəticəsində son illərdə müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin fəaliyyətə başladığını və ixrac potensialının yüksəldiyini qeyd edib. Bildirilib ki, bu sahədə müvafiq tədqiqatlar aparılır, “Qənaətli istehsal metodlarını tətbiq etməklə model müəssisənin yaradılması” metodologiyası hazırlanıb və sənayeyönümlü müəssisələrdə sorğu aparılıb. Tədbirdə bu sorğuların nəticəsinə əsasən, energetika sənayesinin dəstəklənməsi üzrə müasir texnologiya və qənaətli istehsal metodlarının tətbiqi ilə fərqlənən “ATEF” Şirkətlər Qrupunun model müəssisə olduğu elan edilib.

N.Səfərov həmçinin, Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına, özəl investisiya əsasında model müəssisənin yaradılmasının dəstəklənməsinə dair strateji yol xəritəsində 2017-2020-ci illər üzrə əsas götürülmüş hədəflər üzrə görülmüş işlərdən və 2018-ci ildə bu istiqamətdə görüləcək tədbirlərdən bəhs edib.

Konfransda “ATEF” Şirkətlər Qrupunun İdarə Heyətinin sədr müavini Nadir Kərimov iştirakçılara şirkətin fəaliyyəti, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev qənaətli istehsal üsulları, İnstitutun direktor müavini Arzu Hüseynova qənaətli model müəssisə, İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov model müəssisənin stimullaşdırılması mövzularında təqdimatlarla çıxış ediblər.

Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların təklifləri müzakirə edilib. İştirakçılara “ATEF” Şirkətlər Qrupunun fəaliyyət istiqamətlərini əks etdirən kitabçalar təqdim olunub.

Tədbirin sonunda iştirakçılar “ATEF”ə daxil olan zavodların fəaliyyəti ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti