...

"Made in Azerbaijan" brendinin təbliği genişləndirilir

İqtisadiyyat Materials 16 Mart 2018 17:45 (UTC +04:00)
Ötən il sahibkarlara 2,9 mln. manat məbləğində ixrac təşviqi ödənilib.
"Made in Azerbaijan" brendinin təbliği genişləndirilir

Bakı. Trend:

Ötən il sahibkarlara 2,9 mln. manat məbləğində ixrac təşviqi ödənilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə 16 mart 2018-ci il tarixində Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti və "Made in Azerbaijan" brendinin təbliği sahəsində görülmüş işlərə dair keçirilən mətbuat konfransında bildirilib.

Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahil Babayev qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, ixracın genişləndirilməsi, xarici ölkələrə təşkil edilən ixrac missiyaları, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov KİV nümayəndələrinin diqqətinə çatdırıb ki, Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə Azərbaycanda və xaricdə 2017-ci ildə 251 tədbir və ikitərəfli görüş təşkil olunub, indiyədək 14 sahəvi assosiasiya yaradılıb.

Məlumat verilib ki, ixrac təşviqinin ödənilməsi qaydalarının, kiçik və orta sahibkarların gömrük və maliyyə sahələrində bilik və bacarıqlarının artırılımasına dair təlim seminarları təşkil edilib, beynəlxalq və yerli tədbirlərdə Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib. Ötən il AZPROMO-nun əlaqələri daha da genişlənib, daha 11 ölkənin müxtəlif təşkilatları ilə əməkdaşlığa dair 14 Anlaşma Memorandumu imzalanıb. 2017-ci ildə İxracatçılar Klubunun 10 iclası keçirilib, 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib, sahibkarlıq subyektlərinə 2,9 mln. manat məbləğində ixrac təşviqi ödənilib. Ümumilikdə isə, indiyədək bu istiqamətdə sahibkarlara 3,6 mln. manat ödənilib.

Mətbuat konfransında bildirilib ki, 2017-ci il ərzində "Made in Azerbaijan" brendinin xarici ölkələrdə təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana, Macarıstana, Rusiyaya və Səudiyyə Ərəbistanına ümumilikdə 10 ixrac missiyası təşkil olunub. Bu ixrac missiyalarında 160-dan çox şirkət iştirak edib, missiyalar çərçivəsində bir sıra məhsulların ixracına, o cümlədən meyvə-tərəvəz, şərab, meyvə şirələri, konsevləşdirilmiş məhsullar, tikinti materialları, mebel və digər məhsulların ixracına dair razılaşmalar əldə olunub, müqavilələr bağlanılıb. Bundan əlavə, “Gulfood 2017” beynəlxalq ərzaq sərgisində, “Prowein 2017” beynəlxalq şərab sərgisində, “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində, “ANUGA” beynəlxalq ərzaq sərgisində, “Hong Kong International Wine & Spirits Fair 2017” beynəlxalq şərab sərgisində yerli şirkətlərin "Made in Azerbaijan" vahid ölkə stendi ilə iştirakı təmin edilib. 2017-ci ildə vahid ölkə stendi mexanizmi çərçivəsində 19 mln. manatlıq müqavilələr imzalanıb və artıq 6 mln. manatadək məhsul ixrac edilib. Bundan başqa, ötən il ixrac missiyaları zamanı imzalanmış müqavilələr üzrə artıq 2 mln. manatlıq məhsul ixrac olunub.
Xarici ölkələrdə və beynəlxalq KİV-də yerli məhsullarımızın tanıdılması ilə bağlı reklamlar yerləşdirilib. “Azərbaycan şirələri” və “Azərbaycan meyvələri” sahəvi brendlər üzrə reklam çarxları hazırlanaraq Rusiya Federasiyasının “Rossiya 24” federal televiziya kanalında oktyabr-noyabr aylarında yayımlanıb.

Diqqətə çatdırılıb ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin xarici tərəfdaşları ilə işgüzar əlaqələrinin daha da genişləndirilməsi və Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək. Belə ki, məhsul və xidmətlərin xarici bazarlarda təşviqi məqsədi ilə müvafiq beynəlxalq tədbirlərdə iştirakın təmin edilməsi, sahibkarların xarici bazarlarda fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində uğurla həyata keçirilmiş tədbirlərin davamı olaraq dövlət başçısının 11 yanvar 2018-ci il tarixli Fərmanına uyğun olaraq, 2018-ci ildə təşkil ediləcək ixrac missiyalarının və beynəlxalq sərgilərin sayı artırılıb. İl ərzində keçiriləcək ixrac missiyalarının sayı 10-dan 25-ə, sahibkarların vahid ölkə stendi ilə təmsil olunduğu sərgilərin sayı 5-dən 10-a çatdırılıb. Həmçinin, ixrac missiyasının maksimum müddəti 4 gündən 6 günədək, iştirakçıların sayı isə 20-dən 30-a qədər artırılıb. Bununla yanaşı, Azərbaycana alıcı missiyalarının təşkili üçün də müvafiq tədbirlər görülür.
Sonra KİV nümayəndələrinin sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti