Bakı. Trend:
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Trend həmin məlumatı təqdim edir:
EUR
Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.19$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsasən, qiymət 1.19$-ın üzərində qalmaqda davam edərsə, 1.21$-a kimi də bahalaşa bilər.
Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın inflyasiya ilə bağlı fundamental göstəriciləri də diqqət mərkəzindədir.
GBP
GBP/USD məzənnəsi 1.35$-ın üzərində ticarət edilməkdədir və qiymət sözügedən səviyyənin üzərində qalmaqda davam edərsə, 1.37$-a kimi də bahalaşa bilər.
Cümə axşamı saat 15:00-da yayımlanacaq İngiltərə Mərkəzi Bankının faiz qərarı da investorlar tərəfindən böyük maraqla gözlənilir.
TRY
Türkiyə bazarlarında isə dollar 4.29TL-a kimi bahalaşdıqdan sonra 4.24TL-ə kimi ucuzlaşıb və 4.22TL-ni aşağı istiqamətdə qırarsa, 4.16TL-ə kimi də ucuzlaşa bilər. Türkiyə iqtisadiyyatında risklərin artması, lirənin qiymətinə mənfi təsir edən amillər arasındadır.
OIL
Enerji bazarlarında isə Brent nefti bahalaşaraq, son 3 ilin maksimum səviyyəsini yeniləyib. Beləliklə, 75.60$-ın üzərində ticarət edilən bir barel üzrə qiymətin, bu səviyyənin üzərində qaldıqca, 78.08$-a kimi də dəyər qazanacağı proqnozlaşdırılır. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı statistik məlumatlar da qiymətə güclü təsir edə bilər.
GOLD
Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti 1315$-a (42.2 $/qram) ticarət edilir və burada da qiymət 1326$ (42.5 $/qram) və 1333$-a (42.8 $/qram) kimi də dəyər qazana bilər.