...

Təbriz küçəsinin yenidən qurulması yekunlaşıb (FOTO/VİDEO)

İqtisadiyyat Materials 6 İyun 2018 11:22 (UTC +04:00)
Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonların əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsində yenidənqurma işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
Təbriz küçəsinin yenidən qurulması yekunlaşıb (FOTO/VİDEO)

Bakı. Trend:

Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonların əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsində yenidənqurma işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Təbriz küçəsinin uzunluğu 3.5 km, hərəkət hissəsinin eni isə ortalama 19 metr təşkil edir. 2 gediş 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə 1 metr enində ayrıcı zolaqla bölünür. Küçəni uzun müddət təmir olunmaması, yolun hərəkət hissəsində çökmələrə və deformasiyalara gətirib çıxarmışdı. Bu isə intensiv hərəkətə maneə yaradırdı. Artıq bu problem geridə qalıb.

Küçənin əsaslı şəkildə yenidən qurulması işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, istismar müddəti bitmiş 2.9 km uzunluğunda su və 1.5 km uzunluğunda qaz xətləri yenidən çəkilib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Birgə aparılan işlər gələcəkdə yolun tez bir zamanda sıradan çıxmasının qarşısını almış olacaq.

Bundan başqa təmir-tikinti işləri zamanı küçənin Ağa Nemətulla və Əhməd Rəcəbli küçələri arasında yerləşən hissəsində 500 kv.m sahədə 150 metr uzunluğunda və 2-4 metr enində yeni yolayrıcı inşa olunub, yeni işıq dirəkləri quraşdırılıb. Yeni inşa edilən yolayrıcına, həmçinin Əhməd Rəcəbli və Həsənoğlu küçələri arasında yerləşən hissədə və yol boyu mövcud yol ayrıcına 1600 kv.m tamet daşları döşənib. Məqsəd həmin ərazidə avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətini təmin etməkdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks dolğu və kipləşdirmə işləri aparılıb, yol ayrıcı və piyada səkiləri bərpa olunub, kənarlarında köhnə səki daşları sökülərək 10 min p-metr uzunluğunda yeni səki daşları ilə əvəz olunub.

Təmir-tikinti layihəsi ilə küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, zəruri yerlərdə yeni sistem qurulub, 40 ədəd yeni yağış barmaqlıqları və 138 ədəd kommunikasiya xətlərinin baxış qapaqları qoyulub. Sutkanın qaranlıq saatlarında küçənin normal işıqlandırılmasını təmin etmək məqsədi ilə işıqlandırma sistemi yenilənib, əlavə olaraq yola 28 ədəd işıq dirəyi quraşdırılıb.

Küçə boyu texnoloji ardıcıllığa uyğun olaraq 55 min kv.m sahədə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Bundan başqa, sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Bundan başqa, Əhməd Rəcəbli küçəsini bir hissəsində də təmir-tikinti işləri aparılıb. Bu işlər küçənin Təbriz və Fətəli xan Xoyski küçələri arasında yerləşən hissəsində görülüb. Bu hissənin uzunluğu bir istiqamət üzrə 265 metr təşkil edir.

Təmir-tikinti işləri çərçivəsində yolayrıcının eninin kiçildilməsi nəticəsində yolun hərəkət hissəsinin eni genişləndirilib. Yolayrıcına və yolun kənarlarına 1 min paqon-metrdən artıq yeni səki daşı düzülüb, asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtük döşənib, yolcızgi və yolgöstərici xətlər çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti