...

Azərbaycan Sənaye Korporasiyası idxal olunan malların yerli məhsullarla əvəz olunması və yeni iş yerləri barədə

İqtisadiyyat Materials 7 Noyabr 2018 09:24 (UTC +04:00)

Bakı. Taleh Mursaqulov - Trend:

"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti (ASK) ölkə iqtisadiyyatının inkişafı və iqtisadi islahatların dəstəklənməsi üçün mümkün olan hər şeyi edəcək. Trend-in məlumatına görə, bunu ASK-ın baş direktoru Kamran Nəbizadə deyib.

K.Nəbizadə xatırladıb ki, korporasiya düz bir il əvvəl Prezident İlham Əliyevin fərmanı ilə təsis edilib: “Biz ildönümümüzü qeyd edirik. Bu mühüm gündə biz Ulu öndər Heydər Əliyevin xatirəsini andıq. Bu, bizim üçün çox vacib idi. Çünki Azərbaycanın müstəqilliyi, iqtisadiyyatımızın inkişafı ümummilli lider Heydər Əliyevin dahi və uğurlu siyasətinin nəticəsidir və bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir”.

Baş direktor vurğulayıb ki, iqtisadi islahatlar dövründə ASK-ın təsis olunması mühüm hadisə idi.

K.Nəbizadə deyib ki, ASK-ın yaradılmasının məqsədləri korporasiyanın balansına verilən müəssisələrin səmərəli idarəetməsinin yaradılması və rentabelliyinin təmin olunması, eləcə də bu müəssisələrdə innovativ texnologiyaların tətbiqi, hesabatlılıq və uçot sisteminin yaradılması, onların fəaliyyətinin keyfiyyətcə yeni səviyyəyə çıxarılmasıdır:

“Sənaye korporasiyasının yaradılmasının məqsədi strateji yol xəritəsi çərçivəsində dövlət əmlakının səmərəli istifadəsidir. Bu məqsədlə dövlət əmlakı üzrə 52 müəssisə Azərbaycan Sənaye Korporasiyasının idarəsinə verilib”.

Baş direktor vurğulayıb ki, ASK Azərbaycanın qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək.

K.Nəbizadə həmçinin bu il ərzində korporasiya tərəfindən görülən işlər barədə danışıb. Qurum rəhbərinin sözlərinə görə, ilk mərhələdə beynəlxalq qiymətləndirmə şirkətləri tərəfindən ASK-a verilən müəssisələrin qiymətləndirilməsi aparılıb. Bu müəssisələrdə yeni idarəetmə sistemləri yaradılır, yeni gənc kadrlar cəlb edilir:

“İkinci mərhələdə ASK-a daxil olan müəssəsilərin sayının artırılması və mövcud müəssisələrin strategiyasının hazırlanması nəzərdə tutulur. Biz bu istiqamətdə ciddi iş aparırıq. ASK-ın tərkibinə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən müəssisələr daxildir. Bu strategiya müxtəlif istiqamətlər üzrə hazırlanacaq və hökumətə təqdim olunacaq”.

K.Nəbizadənin sözlərinə görə, ASK-ın əsas məqsədi bu müəssisələrin rentabellik baxımından yeni istehsalat səviyyəsinə çatdırılmasıdır: “Strategiyanın əsas məqsədi istehsalın genişləndirilməsi, onlar arasında əməkdaşlığın gücləndirilməsidir. Bu, yeni iş yerlərinin açılması, sosial məsələlərin həlli, Azərbaycan məhsullarının ixracının artması, eləcə də idxal olunan məhsulun yerli məhsulla əvəz olunması deməkdir”.

Bundan başqa, baş direktor qeyd edib ki, bugünədək korporasiya tərəfindən dövlət əmlakının təkrar strukturlaşdırılması yolu ilə 17 müəssisə təsis olunub.

K.Nəbizadə bildirib ki, Şəkinin “Azəripək” kombinatının və Sumqayıtın “ASK Tekstil” şirkətinin müasirləşdirilməsi üzrə işlər aparılır.

Baş direktorun sözlərinə görə, tütünçülüyün inkişaf üzrə dövlət proqramına uyğun olaraq tütün əkini sahələri genişləndirilib: “Balakən rayonunda 3 ay ərzində tütünqurutma məntəqəsi yaradılıb və burada 60 qurutma kamerası quraşdırılıb”.

Korporasiya rəhbəri əlavə edib ki, ötən il bu işlər xarici şirkətlər tərəfindən aparılırdısa, bu il Azərbaycan şirkəti tərəfindən həyata keçirilib.

K.Nəbizadə qeyd edib ki, Balakən məntəqəsi artıq fəaliyyət göstərir. Məntəqədə təxminən 300 iş yeri yaradılıb. Ümumilikdə korporasiya üzrə həm daimi, həm də mövsümi əsaslarda təxminən 1000 iş yeri açılıb: “Gələcəkdə biz iş yerlərinin əhəmiyyətli dərəcədə artacağını gözləyirik”.

Baş direktor bildirib ki, dövlətin dəstəyi ilə “Azərpambıq” müəssisəsinə vəsait ayrılıb: “Biz bu müəssisənin maddi-texniki bazasını gücləndirmişik. 17 kombayn, eləcə də müxtəlif texnika alınıb”.

K.Nəbizadənin sözlərinə görə, bu, gələcəkdə səpin sahələrinin genişlənməsinə, eləcə də pambığın məhsuldarlığının artmasına imkan yaradacaq və ümumilikdə pambığın təkrar emalı sahəsinin müasirləşməsi gözlənilir: “Bu, ümumilikdə, istehsalın ekstensiv üsulundan intensiv üsuluna keçid üçün imkan yaradacaq”.

Baş direktor bildirib ki, müəssisələrin inkişafı strategiyası Azərbaycanı xammal, eləcə də külçə və profil qismində alüminiumla təmin etməyi nəzərdə tutur. Bununla yanaşı məişət texnikasının istehsalını təşkil etmək planlaşdırılır: “Bu tədbirlər nəticəsində Azərbaycanda hazırda xaricdən gətirilən məhsulların istehsalını təşkil etmək mümkün olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti