...

Azərbaycan Ümumdünya Gömrük Təşkilatının Daimi Texniki Komitəsinin iclasında iştirak edir (FOTO)

İqtisadiyyat Materials 7 Noyabr 2018 14:22 (UTC +04:00)
Brüsseldə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş qərargahında bu qurumun Daimi Texniki Komitəsinin (DTK) 221/222-ci iclasları öz işinə başlayıb.
Azərbaycan Ümumdünya Gömrük Təşkilatının Daimi Texniki Komitəsinin iclasında iştirak edir (FOTO)

Bakı. Trend:

Brüsseldə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş qərargahında bu qurumun Daimi Texniki Komitəsinin (DTK) 221/222-ci iclasları öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanı Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Daimi Texniki Komitənin iclaslarında gömrük-dəmiryolu, gömrük-vergi əməkdaşlığı, elektron ticarət, malların eyniləşdirilməsi, konteyner təhlükəsizliyi və izləmə texnikaları, xüsusi gömrük zonaları/azad zonalar, təbii fəlakətlər zamanı yardım, iqtisadi rəqabətlilik paketi, beynəlxalq gömrük terminlərinin lüğəti və digər məsələlər müzakirə olunur.

Qeyd edək ki, iclasın gündəliyində duran vacib məsələlərdən biri də gömrük-dəmiryolu əməkdaşlığıdır.

İclasda nümayəndə heyətinin rəhbəri C.Qasımov "Dəmiryolu nəqliyyatında gömrük prosedurları və nəzarəti sahəsində təcrübələr, əlaqədar çağırışlar və imkanlar" mövzusunda təqdimatla çıxış edərək ölkəmizdə dəmiryolu nəqliyyatının strateji əhəmiyyəti, inkişafı və dəmiryolu nəqliyyatında gömrük prosedurları və nəzarəti sahəsində əldə edilən təcrübə ilə bağlı iştirakçılara geniş məlumat verib.

DGK sədrinin müavini yüklərin sürətli, təhlükəsiz və effektiv şəkildə daşınmasının beynəlxalq ticarətin əsas şərtlərindən biri olduğunu bildirib, ölkəmizdə bu istiqamətdə görülən işlər barədə danışıb.

Qeyd edib ki, coğrafi mövqe baxımından Avropa ilə Asiyanı birləşdirən, beynəlxalq nəqliyyat dəhlizlər qovşağında yerləşən Azərbaycan geniş tranzit imkanlarına malikdir. Dəmiryol nəqliyyatının beynəlxalq yükdaşımalarda xüsusi çəkiyə malik olduğu, Prezident İlham Əliyevin təşəbbüsünə əsasən bu sahənin inkişafı məqsədilə inşa edilən Bakı Beynəlxalq Ticarət Limanının, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin, İran-Azərbaycan dəmiryol şəbəkələrinin birləşdirilməsi məqsədilə həyata keçirilən infrastruktur layihələrin beynəlxalq ticarətə xüsusi töhfə verdiyini diqqətə çatdırıb.

Komitə sədrinin müavini "Abşeron Logistika Mərkəzi"nin fəaliyyətə başlamasının da dəmiryolu yükdaşımalarının inkişaf etdirilməsində mühüm rol oynayacağını vurğulayıb.

C.Qasımov dəmiryolu vasitəsilə yükdaşımaların səmərəliliyinin artırılması məqsədilə gömrük və dəmiryolu nəqliyyyatı qurumları arasında ilkin məlumat mübadiləsinin həyata keçirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və gələcəkdə atılacaq addımlar barədə də iştirakçıları məlumatlandırıb.

Hər iki iclas noyabrın 8-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti