...

TAP layihəsi Beynəlxalq Layihə Maliyyələşdirilməsi mükafatı ilə təltif edilib (FOTO)

İqtisadiyyat Materials 14 Fevral 2019 09:50 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyanın London şəhərində Beynəlxalq Layihə Maliyyələşdirilməsi (PFI) jurnalının illik qala gecəsi keçirilib.

Trend-in məlumatına görə, bu nüfuzlu mükafatın qalibləri arasında 2018-ci ilin sonuna bağlanmış 3.9 mlrd. avro dəyərində olan layihənin maliyyələşdirilməsi ilə ilin Avropa Neft və Qaz Sövdələşməsi mükafatını almış Trans Adriatik Boru kəməri (TAP) layihəsi də olub.

Qeyd edək ki, PFI qlobal enerji və infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə bağlı xəbərlər, məlumat və analiz sahəsində aparıcı nəşrdir.

Mükafatlandırma gecəsində kommersiya banklarının, beynəlxalq maliyyə institutlarının (BMİ), layihə şirkətlərinin və sponsorların, o cümlədən Cənub Qaz Dəhlizi QSC-nin (CQD QSC) vəzifəli şəxsləri iştirak ediblər. 3.9 mlrd. avro dəyərində olan TAP layihəsinin maliyyələşdirilməsi 2018-ci ildə Avropa infrastruktur layihələri üçün razılaşdırılmış ən iri layihə maliyyələşdirilməsi olub.

Maliyyələşmə bir sıra kommersiya bankları və BMİ-lər tərəfindən təmin edilib.

CQD QSC bu maliyyələşmədə Trans Adriatic Pipeline AG (TAP AG) şirkətində sahibi olduğu 20% pay ilə əlaqədar borc üzrə zəmanətçilərdən biri kimi çıxış edir (Azərbaycan Respublikası tərəfindən verilən təkrar zəmanət əsasında), eləcə də TAP AG-yə tələb edilən nizamnamə kapitalını öz payları nisbətində təmin etməyə davam edir.

TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşəcək və Yunanıstan, Albaniya ərazilərindən, həmçinin Adriatik dənizindən keçərək təbii qazı Cənubi İtaliyaya nəql edəcəkdir. Təbii qazın Azərbaycan Respublikasından Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil etdiyi üçün TAP-ın Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə görə strateji məqsədlərində əsas rol oynayacağı gözlənilir.

Bundan əlavə, TAP lazımi təqdirdə təbii qazın Cənub-Şərqi Avropaya yönəltmək üçün texniki imkanlara malik olacaqdır. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan respublikaları arasında “Hökümətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. TAP-ın təməlqoyma mərasimi 17 may 2016-cı il tarixində keçirilib. Boru kəmərinin uzunluğu 878 km təşkil edəcək və fəaliyyətə başlaması 2020-ci ildə gözlənilir. İlkin nəql qabiliyyəti 10 milyard kub.m olacaq. (illik 20 milyard kub.m-ə kimi artırıla bilər)

2018-ci ilin sonuna TAP layihəsi üzrə inkişaf 84.1 faiz təşkil edib.

TAP-ın səhmdarları: CQD (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) and Axpo (5%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti