...

Xaçmaz kəndlərinin su təminatı yaxşılaşdırılıb (FOTO)

İqtisadiyyat Materials 2 Mart 2019 18:42 (UTC +04:00)

Bakı. Trend:

Xaçmazın Xaspoladoba, Arzu və Sərkərli kəndlərində yeni suvarma və iki su təminatı layihələrinin açılışı keçirilib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, layihələr nəticəsində yerli fermerlərin suvarma suyuna əlçatanlığı və bir neçə min sakinin texniki su təminatı yaxşılaçacaq.

Həmin layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində inşa edilib.

Xaspoladoba kəndində qazılmış iki yeni artezian quyusu su çatışmazlığı səbəbindən məhsuldarlığı aşağı düşən fındıq və meyvə bağlarının suvarma suyu ilə təminatını yaxşılaşdıracaq. Lazımi qədər suvarma suyu fındıq və meyvə ağaclarının məhsuldarlığını, habelə məhsulun ölçü və keyfiyyətini artıracaq. Daha yaxşı məhsuldarlıq yerli fermerlərin gəlirlərinin artmasına səbəb olacaq. Xaspoladoba kəndindəki layihə USAID-in Sosial-İqtisadi İnkişaf Layihəsi (SEDA) və Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi çərçivəsində həyata keçirilib.

Arzu və Sərkərli kəndlərində müvafiq olaraq 60 və 25 tonluq yeni su çənləri, habelə iki kənddə toplam 8 kilometrə yaxın yeni su boruları quraşdırılıb. Yeni su sistemləri 2400 sakini gündəlik istifadə üçün su ilə təmin edəcək. Həmin layihələr USAID-in SEDA adlı layihəsi çərçivəsində həyata keçirilib.

USAID, İqtisadiyyat Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti və bələdiyyə nümayəndələri tədbirlərə qatılıblar.

USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihəsi Azərbaycan hökumətinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur və rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir. USAID-in SEDA layihəsində iştirak edən icma sakinləri öz vaxt və vəsaitlərini xərcləyərək 146 icmada 240.000-ə yaxın insanın faydalana biləcəyi 131 layihənin həyata keçirilməsinə töhfə veriblər. Bu icmaların bir çoxu yerli hakimiyyət, vətəndaş cəmiyyəti və donorlarla qurduqları münasibətlərdən faydalanaraq digər icma problemlərini həll etmək üçün yeni layihələr həyata keçirib.

USAID-in Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi kiçik və orta ölçülü kənd təsərrüfatı müəssisələrinə və fermerlərə müasir becərmə və emal təcrübələri, biznesin idarə edilməsi, marketinq və ixracata dair texniki dəstək göstərir. Layihə kənd təsərrüfatına investisiyalar vasitəsilə Azərbaycan hökumətinin qeyri-neft iqtisadiyyatının genişləndirilməsi və şaxələndirilməsi səylərinə dəstək göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti