Bakı. İlhamə İsabalayeva - Trend:
Dövlət xətti ilə cari ildə Gəncə, Lənkəran və Sumqayıt Dövlət universitetlərinin yataqxana binalarının əsaslı təmiri ilə bağlı tədbirlər həyata keçirilir.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, ölkə prezidentinin sərəncamlarına əsasən, əvvəlki illərdə bəzi ali təhsil müəssisələrinə publik hüquqi şəxs statusunun verilməsi həmin universitetlərdə hesabatlılığın və yeni idarəetmə prinsiplərinin tətbiqinə, akademik və maliyyə muxtariyyətinə əlverişli imkan yaradıb.
Cari ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yeni Nümunəvi Nizamnaməyə əsasən, bütün dövlət ali təhsil müəssisələri publik hüquqi şəxs statusu əldə etməklə qeyd edilən imkanlardan faydalana biləcəklər.
C.Bayramov əlavə edib ki, ölkədə ali təhsilalma imkanları genişləndirilib, son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20.8 faiz artım olub, bu göstərici ötən il 41 mini ötüb. Artım tendensiyası cari ildə təsdiq edilmiş qəbul planında da davam etdirilib, bakalavriat səviyyəsinə qəbul planı 48 506 nəfərə yüksəlib, yəni 6.4% artıb.
Nazir qeyd edib ki, əmək bazarında dəyişikliklər və ölkəmizin iqtisadi inkişaf strategiyası nəzərə alınaraq cari ildə bakalavriat səviyyəsi üzrə ixtisasların yeni təsnifatı Nazirlər Kabineti tərəfindən təsdiq olunub, ixtisasların sayı 175-dən 148-ə qədər azaldılıb, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, təsnifata 46 yeni ixtisas əlavə edilib.