...

Azərbaycan – Fransa Ticarət və Sənaye Palatası və Dubay Ticarət və Sənaye Palatası qadın sahibkarlar üçün biznes bacarıqlarının artırılması üzrə təlim təşkil etdi (FOTO)

İqtisadiyyat Materials 1 Oktyabr 2019 12:00 (UTC +04:00)
24 sentyabr 2019-cu il tarixdə Azərbaycan – Fransa Ticarət və Sənaye Palatası və Dubay Ticarət və Sənaye Palatası Bakıda 30 sahibkar qadın üçün biznes bacarıqlarının inkişaf etdirilməsi üzrə təlim təşkil etdi.
Azərbaycan – Fransa Ticarət və Sənaye Palatası və Dubay Ticarət və Sənaye Palatası qadın sahibkarlar üçün biznes bacarıqlarının artırılması üzrə təlim təşkil etdi (FOTO)

Bakı. Trend:

24 sentyabr 2019-cu il tarixdə Azərbaycan – Fransa Ticarət və Sənaye Palatası və Dubay Ticarət və Sənaye Palatası Bakıda 30 sahibkar qadın üçün biznes bacarıqlarının inkişaf etdirilməsi üzrə təlim təşkil etdi.

Dubay Ticarət və Sənaye Palatasından Trend-ə verilən məlumata görə, təlimin proqramı biznesin qeydiyyatı, mühasibatlıq və hesabatların tərtib edilməsi; şəxsi və biznes gəlirlərinin idarə edilməsi; hüquqi məsələlər və müqavilələrin tərtib olunması; və sosial media marketinqi mövzularını əhatə edirdi. Təlimin məqsədləri qadın sahibkarların qeyd edilən sahələrdə bacarıqlarının artırılması və onların professional profillərinin və korporativ alıcılar ilə münasibətlərinin inkişaf etdirilməsi idi.

İlk sessiya zamanı Ekvita şirkətinin Vergi məsələləri üzrə meneceri xanım Günel Hadıyeva iştirakçılara biznesin qeydiyyata alınması, sadə mühasibatlıq, elektron qaimələrin göndərilməsi, vergi hesabatlılığı, eləcə də Vergi Məcəlləsinə edilmiş mikro və kiçik bizneslər üçün faydalı dəyişikliklər haqqında məlumat verdi.

Şəxsi və biznes gəlirlərinin idarə edilməsi biznes sahibləri üçün çox əhəmiyyətlidir və Azərbaycan Mikro Maliyyə Assosiasiyasının Layihə rəhbəri xanım Sevinc Rüstəmova iştirakçıları gündəlik xərclərdə qənaət etmənin və biznes üçün ağıllı xərcləmənin onəmi haqqında məlumatlandırdı.

Ernst & Young şirkətinin Vergi və Hüquq məsələləri üzrə meneceri xanım Səbinə Xəlilova bizneslərin hüquqi qeydiyyatı, brend və loqo qeydiyyatı, habelə, korporativ alıcılar ilə müqavilələrin tərtib edilməsində əsas amillər haqqında məlumat verdi.

Sonuncu sessiya qadın sahibkarlar üçün əsas ünsiyyət və satış vasitəsi olan sosial media marketinqinə həsr edilmişdi. “Dərs Evi”nin Marketinq Departamentinin rəhbəri xanım İnarə Mirzə sosial media marketinqi sahəsindəki bilik və təcrübələri ilə bölüşdü və sahibkarlara brendləri, satışların artırılması və bizneslərin inkişaf etdirilməsi üçün sosial media alətlərini təqdim etdi.

Təlim cari ilin noyabr ayında Azərbaycan – Fransa Ticarət Palatası və Dubay Ticarət və Sənaye Palatası tərəfindən keçirilməsi planlaşdırılan 3-cü Sənət və Əl işləri sərgisi ərəfəsində təşkil edildi. 2-ci Sənət və Əl işləri sərgisinin müsbət təcrübəsi əsasında təşkil ediləcək 3-cü sərgi qadın sahibkarların potensial korporativ alıcılar ilə əlaqələrinin yaxşılaşdırılması və dəstəklənməsi məqsədini daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti