...

ARDNF dövlət büdcəsinə 7,5 milyard manat vəsait transfer edib

İqtisadiyyat Materials 25 Oktyabr 2019 15:50 (UTC +04:00)
Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 14 715,2 milyon manat, büdcə xərcləri isə 7 680,4 milyon manat olub.
ARDNF dövlət büdcəsinə 7,5 milyard manat vəsait transfer edib

Bakı. Trend:

2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 14 715,2 milyon manat, büdcə xərcləri isə 7 680,4 milyon manat olub.

ARDNF-dən Trend-ə verilən məlumata görə, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 074,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 290,4 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, akrhesabı ödənişləri 4,7 milyon manat, tranzit gəlirləri 13,4 milyon manat təşkil olub.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 640,3 milyon manata bərabər olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 7 536,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 126,4 milyon manat vəsait ayrılıb. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 18,0 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 219,8 milyon manat təşkil edib.

2019-cu ilin 30 sentyabr tarixinə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 milyon ABŞ dolları) nisbətən 10,4% artaraq 42 524,4 milyon ABŞ dollarına bərabər olub.

Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu ilin 9 ayı ərzində müvafiq göstərici 15,2% təşkil etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti