...

Bakıda VI Beynəlxalq Vellness və SPA Konqresi keçirilir (FOTO)

İqtisadiyyat Materials 5 Noyabr 2019 18:50 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 5-də Bakıda VI Beynəlxalq Vellness və SPA Konqresi öz işinə başlayıb.

Trend-in məlumatına görə, konqresin başlanmasından əvvəl “SPA və Vellness” Beynəlxalq Şurasının prezidenti Yelena Boqaçeva Azərbaycan jurnalistlərinə müsahibə verib. O bildirib ki, Bakıda ilk dəfədir keçirilən Beynəlxalq Konqres artıq altı dəfə təşkil olunub. “Konqresin konsepsiyası onun hər il müxtəlif şəhərlərdə keçirilməsini nəzərdə tutur. Konqres Şərqi Avropa, MDB, o cümlədən Rusiyada sağlamlıq xidmətləri bazarının peşəkar auditoriyasına xitab edir. Bundan əvvəlki konqreslər Moskva, Minsk, Kazanda keçirilib, bu il isə Azərbaycana gəlməyə qərar verdik, çünki Azərbaycanda sağlamlıq xidmətləri bazarı çox intensiv inkişaf edir. İstəyirik ki, peşəkar icma bizim tədbirimizdən məlumatlı olsun və onun işində iştirak etsin”, -deyə o vurğulayıb.

Konqresin işində 10-dan çox ölkədən (Azərbaycan, Rusiya, Latviya, Litva, Belarus, İspaniya, İtaliya, Almaniya, ABŞ və s.) 200 nəfər iştirak edir.

Tədbirin ilk iş günündə “Zövqlü biznes” adlı konfrans keçirilib. Konfransda çıxış edən Yelena Boqaçeva deyib ki, tədbir iştirakçılarını ən nəcib missiya - insanlara gözəl və sağlam olmaqda kömək etmək məqsədi birləşdirir. O əlavə edib: “SPA və Vellnes biznesi mürəkkəb və çoxşaxəlidir. Onunla məşğul olanlar həvəsli və təhsilli insanlardır, onun demək olar ki, sərhədi yoxdur, lakin ciddi “oyun qaydaları” var. Kiçik salondan tutmuş dəbdəbəli dəniz kurortuna qədər hər hansı miqyasda olan müəssisə üçün zəruri iqtisadi və maliyyə, marketinq və psixologiya, herontologiya və epigenetika bilikləri tələb olunur. Biliklərimizi zənginləşdirmək üçün biz hər il öz sənayemizi və qarışıq sahələri təmsil edən ən yaxşı ekspertlərin iştirakı ilə intellektual səviyyədə və ciddi proqram hazırlayırıq”.

Y.Boqaçeva ümidvar olduğunu bildirib ki, konqresin auditoriyası daha da genişlənəcək.

Tədbirdə çıxış edən dünya reputasiyalı “Gazelli Group” holdinqinin yaradıcısı və rəhbəri, tibb elmləri namizədi, tibbi genetika və profilaktik tibb sahəsində mütəxəssis Zərifə Həmzəyeva “SPA və Vellness” tibbi konsepsiyasının inkişafı, dəyişməsi və perspektivləri məsələlərinə toxunub. O, bu il 20 illiyini qeyd edən şirkətin yaradılması tarixçəsindən bəhs edib. Z. Həmzəyeva bildirib ki, 1999-cu ildə yaradılan “Gazelli Group” üz və bədən dərisinə qulluq etmək üçün yüksəkkeyfiyyətli məhsulların unikal çeşidlərinin təqdim edilməsi sahəsində Azərbaycanda natural bioloji aktiv inqrediyentlərin tədarükü ilə məşğul olan ilk şirkətdir. Bu gün “Gazelli” şirkəti böyük miqdarda kosmetik məhsullar, o cümlədən saçlara, dəriyə qulluq etmək və vanna qəbulu üçün vasitələr istehsal edir. Şirkətin fəlsəfəsi belədir: biz əsl gözəlliyin ruhun və bədənin, idrakın və ruh halının tam tarazlığına nail olunması nəticəsində yarandığına inanırıq.

Zərifə Həmzəyeva “Gazelli Group” holdinqinin tərkibində fəaliyyət göstərən strukturlar barədə iştirakçılara məlumat verib: 12 min kvadratmetr istehsalat ərazisi olan bu fabrikin öz elmi-tədqiqat laboratoriyası, “Gazelli House” gözəllik və sağlamlıq evi mövcuddur. Sonuncunun tərkibində firma mağazası, antistress və sağlamlıq prosedurlarının böyük çeşidi olan “Wellness Zona”, kosmetologiya mərkəzi, qadın və kişi gözəllik salonları, müasir incəsənət qalereyası, bütün dünyadan gətirilən unikal suvenir və hədiyyələr mağazası, həmçinin fitness zalı və pilates və kallanetika ilə məşğul olmaq üçün mərkəz fəaliyyət göstərir. O əlavə edib: “Şirkətimizin şüarı sağlamlığın qorunması, gəncliyin uzadılması və qocalığın yubadılmasıdır”.

Dörd gün davam edəcək konqresin ilk günündə iştirakçılar tibbi SPA və vellness konsepsiyasının inkişafı, dəyişməsi və perspektivlərini müzakirə ediblər, “Sağlamlıq xidmətlərinin marketinqi ilə bağlı trendlər”, “Müəssisənin gəlirliliyinin əsas göstəriciləri”, eləcə də “İstehlak tələbinin trendləri nəzərə alınmaqla bu sahənin mütəxəssislərinə olan tələblər” kimi mövzularda məruzələr təqdim olunub. Eyni zamanda rəhbərlərin işinin səmərəliliyi, bunun uğurlu biznesin rəhni olması, SPA və vellness sənayesində biznes planlaşdırması, dəyərlər marketinqi, seçim riski və tipik səhvlər və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konqres çərçivəsində “Şəhər SPA mərkəzləri. Ən yaxşı dünya təcrübələri”, “Tibb və SPA. Ən yaxşı praktika” praktik konfransları, “Anti-eyc dövründən pro-eyc dövrünə: sübutlara əsaslanan həyat fəallığının müasir dəstəklənməsi praktikası” elmi-praktiki konfransı keçiriləcək. Həmçinin təqdimatlar və “Perfect Spa” sahəsində Day Spa , Hotel/Resort Spa и Medical Spa kateqoriyaları üzrə finalçılarının müsabiqəsi təşkil ediləcək. Qeyd etmək lazımdır ki, "Medical Spa" nominasiyasında Azərbaycandan "Gazelli House" gözəllik və sağlamlıq evinin namizədliyi irəli sürülüb.

Müsabiqənin nəticələri noyabrın 8-də elan ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti