Bakı. İlhamə İsabalayeva – Trend:
Tövsiyələrdən biri ondan ibarətdir ki, mümkün olan sahələrdə minimal sayda işçi işə cəlb edilsin. Nəzərə almaq lazımdır ki, aprelin 27-dən fəaliyyət tam şəkildə bərpa edilmir.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu, sahibkarların işinə də təsir göstərəcək:
"Dövlət tərəfindən verilən dəstək həm aprel, həm may ayı üçün nəzərdə tutulub. Çünki karantin dövründə iqtisadi fəallıq dərhal bərpa edilməyəcək. Prezident tərəfindən də tövsiyə verilərkən məhz bu variantlar nəzərə alınıb".
M.Cabbarov əlavə edib ki, dövlətin dəstəyi yeganə alət deyil. Sahibkarlar da bir vətəndaş kimi bu işə öz töhfəsini verməlidirlər.
Nazirin sözlərinə görə, dəstək proqramlarından biri sahibkarlara həm mövcud kreditlər, həm də yeni kreditlər üçün dövlət tərəfindən müəyyən faizlərin qarşılanmasıdır: "Bu alətlər kifayət qədər çoxşaxəlidir. Azərbaycanda tətbiq edilən dəstək proqramları aparıcı təcrübələrə tam uyğundur. Biz hər zaman çalışırıq ki, iqtisadiyyatın nəbzini izləyək. Bu iş yalnız İqtisadiyyat Nazirliyi tərəfindən deyil, digər müvafiq qurumlar da tərəfindən həyata keçirilir. Əlavə dəstəyə ehtiyac olduqda əlavə arayışlar təqdim ediləcək".