...

Şəmkirin Zəyəm Cırdaxan-Tatarlı avtomobil yolu yenidən qurulur (FOTO)

İqtisadiyyat Materials 28 Aprel 2020 11:07 (UTC +04:00)
Şəmkirin Zəyəm Cırdaxan-Tatarlı avtomobil yolu yenidən qurulur (FOTO)

Bakı. Trend:

Şəmkir rayonunun Zəyəm Cırdaxan-Tatarlı avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə bildirilib ki, 17 kilometr uzunluğa malik və çınqıl örtükdən ibarət yerli əhəmiyyətli Zəyəm Cırdaxan-Tatarlı avtomobil yolunda qabarma və çökmələr əmələ gəlib. Yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir və torpaq yatağının orta eni 5.0-7.0 metr arasında dəyişir. Yolun torpaq yatağının karxana çınqılı ilə əsaslı şəkildə təmir olunmasına zərurət yaranıb.

Yolboyu mövcud suötürücü borular və boruların başlıq hissələri dağılıb. Bu üzdən boru başlıqlarının yenidən təmir olunmasına və əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac vardı. Sadalanan problemlərin aradan qaldırılması üçün hazırda avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulur.

Zəyəm Cırdaxan-Tatarlı avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yararsız örtük mexanizmlə sökülüb daşınır, yolun texniki parametrlərinin bərpası üçün xüsusi qrup qrunt tökülərək yayılır, torpaq yatağının relyefdən aşağı olan hissəsinin qaldırılması üçün torpaq yatağı karxana çınqılı inşa edilir, yatağın normativ eninin alınması məqsədilə isə qaya tipli süxurlar və dağ yamacları mexanizmlə kəsilir. Bundan başqa yolboyu yerləşən, suvarma üçün olan köhnə metal borular sökülərək əvəzinə yeni 468 poqonmetr uzunluğa malik müxtəlif diametrli dairəvi su ötürücü metal və dəmir-beton borular quraşdırılır və izolyasiya olunur, boru başlıqları dəmir-betonla inşa edilir, həmçinin 10 metr uzunluğunda olan yeni dördbucaqlı su keçidi inşa edilir, yolun 1-ci kilometrində yerləşən bir aşırımlı körpü keçidi əsaslı şəkildə təmir olunur.

Sadalanan işlərə paralel olaraq yol yatağı hazır olan hissələrdə yol əsasının karxana çınqılı və optimal qum-qırmadaş qarışığı ilə inşası işləri də aparılır və yol 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir. Ümumilikdə, 100 min kvadratmetr sahənin asfalt-betonla örtülməsi nəzərdə tutulub. Tikinti işlərinin sonuncu mərhələsində 6 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün isə sadalanan yollar boyu 112 yol nişanı, 480 siqnal quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək.

Qeyd edək ki, ötən il əsaslı şəkildə yenidən qurulan 20 kilometrlik Şəmkir–Zəyəm–Düyərli avtomobil yolunun 18-ci kilometrindən ayrılan yerli əhəmiyyətli Zəyəm Cırdaxan-Tatarlı yolunun tikintisi ilə 22 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması xeyli asanlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti