Bakı. Samir Əli - Trend:
Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi sürətləndirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən yolda yenidənqurma işləri davam etdirilir. Məlumatda bildirilir ki, Cibir–Həzrə–Mucuq–Sudur marşrutu üzrə 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 kilometrdir: "Yol torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir.
Çətin relyefə malik ərazidən keçən avtomobil yolu uzun illər təmir olunmadan istifadə edildiyindən, həmçinin təbii faktorların təsirindən yararsız vəziyyətdə idi, torpaq yatağı dağ və qrunt sularının təsirinə məruz qalaraq dağılmışdır. Torpaq yatağının orta eni cəmi 7-8 metr təşkil edirdi. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yolun yenidən qurulması işləri mövcud problemləri birdəfəlik aradan qaldırır.
Layihəyə uyğun olaraq, yolun 36 km-i asfalt-beton, 10 km-i isə çınqıl örtüklü olmaqla 3 istiqamət üzrə yenidən qurulur. Bu 34.4 km uzunluğa malik ( 24.4 km asfalt-beton, 10 km çınqıl örtük olmaqla) Sudur kəndi, 3.8 km uzunluğunda Cibir kəndi və 5.8 km-lik Mucuq kəndi istiqamətləridir. Bu çərçivədə Cibir və Mucuq kəndəri istiqamətində 9.6 km uzunluğa malik yollar artıq yenidən qurulub.
Sözügedən yollar boyu deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yolun torpaq yatağının təmiri və bərpası işləri aparılıb, yolun normativ eninin alınması üçün torpaq yatağı genişləndirilib".
Məlumatda qeyd edilir ki, işlərin yekunlaşmasına uyğun olaraq, əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işləri də həyata keçirilib: "Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 57.6 min kv.m sahəni əhatə edib.
Hazırda anoloji yenidənqurma işləri yolun 34.4 km uzunluğa malik Sudur istiqamətində həyata keçirilir. Bu istiqamətdə yol 4-cü texniki dərəcə olmaqla 24.4 km-i asfalt-beton, 10 km-i çınqıl örtük olmaqla inşa edilir.
Layihənin sonunda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müvafiq üfüqi nişanlanma xətlərinin çəkilməsi, yol nişanlarının vəsiqnal dirəklərinin, həmçinin təhlükəli yerlərdə beton sədlərin quraşdırılması nəzərdə tutulur. Bundan başqa vətəndaşlar üçün kənd ərazilərində 9 yerdə avtobus dayanacaqları tikiləcək.
Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, 8 min əhainin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq. Yolun tikintisi bu ilin sonlarına qədər başa çatacaq və əhalinin istifadəsinə veriləcək".