Bakı. Samir Əli - Trend:
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqəsdilə layihələrin icrasını davam etdirir.
ASC-dən Trend-ə bildirilib ki, Səhmdar Cəmiyyətinin daxili imkanları hesabına Səbail rayonu 20-ci sahə yaşayış massivi Dəmirçilər adlanan ərazidə içməli su şəbəkəsinin yenidən qurulması işləri həyata keçirilir.
Dəmirçilər adlanan ərazidə mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud olmayıb. Su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına uyğun gəlməyən şəbəkələr hesabına aparılıb. İstismar olunaraq yararsız vəziyyətə düşmüş su xətlərində tez-tez qəzalar baş verir və əhalinin içməli su təchizatında çətinliklər yaranırdı. İndiyədək sakinlər günaşırı olmaqla cəmi 2 saat içməli su ilə təmin olunurdu. Bəzi hallarda sakinlər suyu maşınlarla almaq məcburiyyətində qalırdı.
Bütün bunlar nəzərə alınaraq ərazidə yeni şəbəkənin yaradılmasına qərar verilib. Layihə çərçivəsində ərazidə 1 km-dən artıq içməli su şəbəkəsi yaradılıb və 150 fərdi yaşayış evi və obyektin şəbəkəyə qoşulması təmin edilib. Hazırda abonentlərin sayğaclarla təmin edilməsi işləri aparılır. Layihənin icrasının yaxın günlərdə tam başa çatdırılması nəzərdə tutulur.
Yeni layihənin icrasından sonra sakinlər artıq hər gün qrafikli rejimlə içməli su ilə təmin olunacaq. Yeri gəlmişkən, indiyədək əraziyə içməli su “Şimal” nasos stansiyasından verilirdi. Yeni şəbəkə “+220 Badamdar” su anbarından ayrılan xəttə qoşularaq su təminatı özüaxımlı rejimdə aparılacaq. Bu layihənin davamı olaraq 20-ci sahə yaşayış massivinin digər küçələrində də yenidənqurma, təmir-bərpa və tənzimləmə işləri davam etdiriləcək.
Qeyd edək ki, Hazırda “Azərsu” ASC-nin daxili imkanları hesabına Səbail rayonu ilə yanaşı, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin regionlarda Hacıqabul, Saatlı, Tovuz, Biləsuvar rayonlarının kənd və qəsəbələrində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.