...

Aqrar Sığorta Fondu Lerik və Yardımlıda fermerlərlə görüşlər keçirib (FOTO)

İqtisadiyyat Materials 3 İyun 2021 19:30 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda dövlət dəstəyi ilə ilk dəfə tətbəq edilən aqrar sığorta mexanizmi barədə əhalinin və fermerlərin məlumatlandırılması məqsədilə Aqrar Sığorta Fondunun rəhbərliyi regionlarda fermer və iş adamları ilə görüşləri davam etdirir.

Fonddan Trend-ə verilən məlumata görə, iyunun 3-də Lerik və Yardımlı rayonlarında fermer və aqrar sahədə çalışan sahibkarlarla görüşlər keçirilib.

Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) və yerli icra hakimiyyətlərinin dəstəyi ilə keçirilən görüşlərdə aqrar sığorta mexanizminin işləmə mexanizmi, sığortalanan bitki və məhsullar, sığortanın əhatə etdiyi risklər, eləcə də, sığorta tarifləri barədə məlumat verilib.

Görüşlərdə bildirilib ki, Azərbaycanda aqrar sığorta mexanizmi fermerlərin risklərinin qarşılanması, kənd təsərrüfatı sahəsindəki bizneslərin gözlənilməz risklərdən qorunması və aqrar sektora dəstək məqsədilə yaradılıb. Bu məqsədlə 2019-cu ildə “Aqrar sığorta haqqında” qanun qəbul edilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə Aqrar Sığorta Fondu təsis edilib.

Görüş iştirakılarına bildirilib ki, hazırda aqrar sığorta vasitəsilə südlük inək və camışları (1-7 yaş), 14 növ bitki növünü (bağda, arpa, qarğıdalı, kartof, çəltik, üzüm, limon, naringi, portağal, fındıq, şəkər çuğunduru, tütün, pambıq), eləcə də balıqları sığortalamaq mümkündür.

Fermerlərə dəstək məqədilə sığrta haqqının yarısını dövlət ödəyir, nəticədə fermerlər cüzi vəspit ödəməklə öz təsərrüfatını əsas risklərdən qorumaq imkanı əldə ediblər.

Aqrar sığorta mexanizmi fermerlərin və iş adamlarının böyük marağına səbəb olub, onlar yeni mexanizmlə bağlı Fond rəhbərliyinə çoxsaylı suallarını ünvanlayıblar.

Fermerlərə xüsusilə Yardımlı və Lerikdə geniş becərilən taxıl və kartof bitkilərinin sığortalanması şərtləri və sığorta haqları barədə ətraflı məlumat verilib.

İş adamları kartof, taxıl və mal-qaranın sığortalanmasının detalları, əhatə etdiyi risklər, sığorta hadisəsi baş verəcəyi təqdirdə ödəniş prosesinin hansı formada həyata keçiriləcəyi ilə maraqlanıblar. Onlara bildirilib ki, sığorta hadisəsi zamanı bütün lazımi prosedurlar həyata keçirildikdən və sənədlərin təqdim edilməsindən sonra 7 gün ərzində sığorta ödənişi zərərçkənin hesabına köçürülür.

Görüşdə fermerlərə məlumat verilib ki, qanunvericiliyə əsasən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş əkin sahələri və kənd təsərrüfatı heyvanları sığortalanır.

Aqrar Sığorta Fondunun rəhbərliyi bildirib ki, qarşıdakı aylarda həm sığortalanan məhsulların, həm də əhatə edilən risklərin siyahısının genişlənməsi nəzərdə tutulur. Belə ki, artıq bir sıra meyvə-tərəvəz bitkiləri, eləcə də xırda buynuzlu heyvanların da aqrar sığorta vasitəsilə sığortalanması barədə qanunvericiliyə dəyişikliklər hazırlanır.

Fermerlərə bildirilib ki, əkinlərini və təsərrüfatını sığorta etmək istəyənlər birbaşa Aqrar Sığorta Fonduna və ya bölgələrdə fəaliyyət göstərən və aqrar sığorta sistemi ilə əməkdaşlıq edən özəl sığorta şirkətlərinin filiallarına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti