...

Neft və qazın bahalaşması Azərbaycanın gəlirlərinə necə təsir edəcək? - AÇIQLAMA

İqtisadiyyat Materials 1 Oktyabr 2021 20:49 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycan müstəqillik əldə edəndən sonra istər neft olsun, istərsə də neft məhsulları valyuta gəlirlərinin formalaşmasında əsas amil olub. Hazırda da neft-qaz qiymətlərinin bahalaşması gəlirlərin artmasına təkan verən hal kimi qiymətləndirilə bilər.

Bunu Trend-ə açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, neftin bahalaşması fonunda orta ixrac qiyməti 65 dollara yüksəlib: "Cari il üçün istər dövlət büdcəsində, istərsə də Dövlət Neft Fondunun gəlirlərində Azərbaycan neftinin orta ixrac qiymətinin 40 dollar həcmində formalaşması proqnozlaşdırılmışdı. Amma biz Maliyyə Nazirliyinin ilin birinci yarısına aid hesabatına baxsaq, görərik ki, birinci yarımildə Azərbaycan neftinin ixrac qiyməti 62 dollar olub. Sonrakı dövrdə neft qiymətlərinin 70, sentyabrda isə 80 dollara qədər çatması təbii ki, neftin orta ixrac qiymətinin 65 dollar ətrafında formalaşmasına gətirib çıxarıb. Lakin orta ixrac qiymətinin hansı ayda nə qədər olduğunu dəqiq olaraq hökumətin müvafiq qurumları elan edə bilər. Artıq üçüncü rüb başa çatmaq üzrədir və oktyabrın ortalarına qədər çox güman ki, bununla bağlı yeni bir açıqlama olacaq".

Ekspert bildirib ki, qiymətlər bu səviyyədə qalsa, təkcə Azəri-Çıraq-Günəşli yatağından gələn gəlir 5 milyard dollar həcmini ötə bilər: "Dövlətə əsas mənfəət gətirən Azəri-Çıraq-Günəşli layihəsidir. Bu layihə üzrə ötən il hasilat azalıb, ancaq cari ilin birinci yarısında gələn gəlirlərdə təqribən 25 faiz artım müşahidə edilib. Qeyd edək ki, ötən il həm qiymətlər aşağı olmuşdu (neftin orta ixrac qiyməti Azərbaycanda 42 dollardan az idi), həm də hasil edilən neftin həcmi OPEC+ formatı çərçivəsində götürdüyümüz öhdəliklərlə bağlı minimuma düşmüşdü. Beləliklə, Azərbaycan üzrə 34,5 milyon ton neft hasil edilmişdi. Neft Fonduna Azəri-Çıraq-Günəşlidən gələn mənfəət də 3,5 milyard dollaradək azalmışdı. Ümumilikdə, neft-qaz sektorundan gələn gəlir 3,8 milyard dollar təşkil etmişdi. Bunun əsas yükü Azəri-Çıraq-Günəşlinin üzərinə düşür. Ancaq builki nəticələrə baxsaq, artıq proqnozlaşdırmaq olar ki, qiymətlər bu səviyyədə qalarsa, bu il təkcə Azəri-Çıraq-Günəşlidən gələn gəlir 5 milyard dollar həcmini ötə bilər. İstənilən halda görünən budur ki, neft qiymətlərinin artımı bizim gəlirlərimizə müsbət təsir edir".

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti