...

Tranzit yükdaşıma qiymətlərində güzəştlər edilə bilər

İqtisadiyyat Materials 11 Oktyabr 2021 14:14 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir, Şuranın sədri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan üzərindən tranzit daşımalarının cari vəziyyəti üzrə fikir mübadiləsi aparılıb.

Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tarifləri və həmin tariflər üzrə güzəştlərə dair təkliflərin Koordinasiya Şurasının Katibliyinə təqdim olunması qərara alınıb.

Eyni zamanda “Bir pəncərə” prinsipinin tətbiq edilməsi şərtilə elektron portalın yaradılması prosesi müzakirə predmeti olub.

Bildirilib ki, e-portalda ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı yükdaşımaların vahid tarifləri, sərhəd keçmə prosedurları, yükdaşımalar üzrə daşıma qaydaları və şərtləri, o cümlədən müqavilələrin şərtləri, bağlanma qaydası və digər məsələlər öz əksini tapacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunmasını və yüksək keyfiyyətlə daşınmasını təmin etmək məqsədilə yaradılmış kollegial icra hakimiyyəti orqanıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti