Bakı. Trend:
NEQSOL Holding insan resursları (HR) üzrə peşəkarlarının biznesə strateji təsirini artırmaq və daha yaxşı nəticələr əldə etmək üçün Strateji HR Biznes Tərəfdaş Proqramını həyata keçirib. Amerikanın konsaltinq və inkişaf şirkəti olan RBL Group ilə birgə keçirilmiş proqramda holdinqin tərkibindəki şirkətlərdən 40 nəfər HR peşəkarı iştirak edib.
Proqram, HR üzrə peşəkarlar tərəfindən daha çox dəyər yaratmağa və maraqlı tərəflərin ehtiyaclarını daha yaxşı qarşılamağa imkan verəcək istedadların, liderlik və təşkilati bacarıqların inkişafı məqsədinə xidmət edib. Proqram çərçivəsində iştirakçılar RBL Group və Miçiqan Universitetinin Ross Biznes Məktəbi tərəfindən birgə hazırlanmış HR Səriştələr Modelini də təcrübədən keçiriblər.
“Hazırkı mürəkkəb və rəqabətli qlobal biznes mühitində davamlı təkmilləşmə və dəyişikliklərlə ayaqlaşma çox vacibdir. Bu baxımdan əminik ki, əməkdaşların inkişafına sərmayə edən şirkət öz uğurunu təmin edir. Bu proqram HR mütəxəssislərimizə peşəkar bacarıqlarını yeni səviyyəyə yüksəltməyə kömək edib və mən inanıram ki, komandalarımız bu peşəkar inkişafdan tezliklə faydalana biləcəklər”, — deyə, NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib.
Məzunların virtual buraxılış mərasimində Miçiqan Universitetinin Ross Biznes Məktəbinin professoru və RBL Group-un tərəfdaşı Deyv Ulriç (Dave Ulrich) proqram iştirakçılarını salamlayaraq çıxış edib.
“NEQSOL Holding-in HR peşəkarlarının hər kəs üçün dəyər yaradacaq biliklərə, bacarıqlara və alətlərə malik olduğuna əmin olmaq üçün Sizinlə HR Academy-də işləmək böyük şərəfdir”, — Deyv Ulriç deyərək, əlavə edib ki, NEQSOL Holding insan kapitalının şirkətin uğur qazanmasına necə kömək edə biləcəyini anlayan ilklərdəndir.
Proqramın virtual versiyası həmçinin NEQSOL Academy platformasında HR peşəkarlarının istifadəsi üçün yerləşdirilib.
NEQSOL Holding səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Holdinq insan kapitalını ən vacib aktiv hesab edərək dünya üzrə 10,000-dən çox əməkdaşdan ibarət peşəkar komandaya malikdir.