Bakı. Trend:
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin son 18 ildən artıq dövrdə azad mətbuatın inkişafı istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirsək, bu prosesin dövrün tələblərini özündə ehtiva etdiyini böyük əminliklə söyləyə bilərik. Söz və fikir azadlığı hər bir dövlətin, xalqın həyatında mühüm amil olmaqla yanaşı, onun inkişaf səviyyəsini göstərir. Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün təsisatların inkişafı, o cümlədən mətbuat azadlığı yüksək səviyyədə təmin olunub. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, artıq cəmiyyətin ayrılmaz bir parçasına çevrilən internetin azad olduğu ölkədə mətbuat azadlığının boğulmasından danışmaq mümkün deyil. Ölkəmizdə əhalinin 85 faizi internet istifadəçisidir. Mətbuat milli özünüdərkin bərqərar olmasında, yetişməkdə olan nəslə vətənpərvərlik hisslərinin aşılanmasında, azərbaycançılıq ideologiyasının, ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayır. Bütün dövrlər üçün aktuallığını qoruyan əsas məsələ budur ki, müasir dövrün yaratdığı imkanlardan maksimum bəhrələnərək müxtəlif dillərdə internet resursları yaratmaqla həqiqətlərimizin beynəlxalq arenada təbliğinə böyük töhfələr verməliyik. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə Azərbaycanın diplomatik qələbəsinin rolunu nəzərə alarkən, bu işdə ictimai fikrə təsir imkanları böyük olan yazılı və elektron KİV-lərin payını da xüsusi qeyd etməliyik. Cənab İlham Əliyevin 44 günlük müharibə dövründə dünyanın 30-dan artıq yaxın nüfuzlu media qurumlarına, o cümlədən televiziya kanallarına və informasiya agentliklərinə müsahibələrinin hər biri Azərbaycanın informasiya cəbhəsində də üstünlüyünün təqdimatı kimi dəyərləndirildi.
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, yeni texnologiyaların inkişaf etdiyi müasir dövrdə media sahəsində islahatların dərinləşdirilməsi mütləqdir: “Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma, tərəqqi deməkdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlar bu nailiyyətləri məhz tərəqqi hesabına əldə ediblər.” Söz və məlumat azadlığının təmin olunması sahəsində həyata keçirilən siyasət nəticəsində bu gün Azərbaycan KİV-in sayına görə MDB və Şərqi Avropa ölkələri arasında ön sıralardadır. Ölkəmizdə beynəlxalq standartlara uyğun elektron və yazılı KİV formalaşıb. Azərbaycanda həmçinin internet jurnalistikası da sürətlə inkişaf edir.”
V.Rəhimzadə bildirib ki, qeyd etdiklərimizin fonunda ölkə
Prezidenti İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan
Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi
haqqında” Fərmanının əhəmiyyəti, aktuallığı daha aydın şəkildə
görünür: “Fərmanda da qeyd edildiyi kimi, qlobal informasiya
mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq
modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı
trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən
innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının
daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu
prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə
məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması
üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır.
Ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə
institusional quruculuq işlərinin davam etdirilməsi, yeni
informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların
tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu sənədə uyğun
olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi
(MEDİA) yaradıldı. Qurumun qısa dövrdə azad mətbuatın inkişafına
yönələn addımları təqdirəlayiqdir. MEDİA-nın fəaliyyətində
jurnalistlərin məsuliyyətinin və peşəkarlığının artırılması
prioritet məsələdir. Bu baxımdan MEDİA-nın yarandığı gündən
indiyədək həyata keçirdiyi biri-birindən əhəmiyyətli layihələr
mətbuatın inkişafına xidmət edən addımlar kimi
dəyərləndirilməlidir. Atılan bütün addımların əsasında cəmiyyətin
informasiya tələbatının daha dolğun şəkildə ödənilməsi dayanır.
Məhz bütün bunların sayəsində mətbu orqanların yaradıcılıq
imkanlarını genişləndirməklə hədəflərə yüksək səviyyədə nail olmaq
mümkündür. Mətbuat nümayəndələrinin, ümumilikdə, cəmiyyət
üzvlərinin ümumi təklifləri əsasında beynəlxalq standartlara uyğun
şəkildə hazırlanan “Media haqqında” yeni qanun layihəsi geniş
müzakirələrdən sonra qəbul olundu. İctimai müzakirəyə verilən qanun
layihəsi ilə bağlı təklif və iradların səslənməsi bir daha
ölkəmizdə demokratik mühitin mövcudluğunu, hər kəsin öz fikirlərini
azad şəkildə ifadə etmək imkanlarına malik olduğunu təsdiqlədi.
“Media haqqında” yeni qanun layihəsi, eyni zamanda, beynəlxalq
mütəxəssislərin də müzakirəsinə verildi. Bu da öz növbəsində
Azərbaycan mətbuatının dünya informasiya məkanına inteqrasiyasının,
ölkəmizin beynəlxalq təcrübəyə xüsusi önəm verməsinin göstəricisi
hesab oluna bilər. Şübhə etmirəm ki, yeni qanundan irəli gələn
vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi ilə mətbuatın
qarşısında geniş imkanlar açılacaq.”
Baş redaktor bu uğurlar fonunda Azərbaycan Respubilkası Nazirlər
Kabinetinin 13 may 2022-ci il tarixli Qərarına da diqqəti yönəldib.
«İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi
informasiya vasitələri məhsullarının və kitabların (elekton
kitablar istisna olmaqla), habelə dərslik komplekslərinin və həmin
malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya
vərəqə şəklində kağızın Siyahısı”nın təsdiq edilməsi barədə Qərara
əsasən, Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların
və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı
və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən
(ƏDV) azad edilib. Yəni, məlum Qərara əsasən, bundan sonra kitab,
qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının
idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq.
Vüqar Rəhimzadə 2021-ci ilin dekabrında dövlət başçısı İlham Əliyevin Fərmanı ilə Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqinin də Nazirlər Kabinetinə həvalə olunduğunu önə çəkərək bildirib ki, bu Qərar çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı şəkildə azaltmaqla inkişafına təkan verəcək: “Ölkəmizin iqtisadi və maliyyə imkanlarının genişlənməsi bütün sahələrin, o cümlədən mətbuatın inkişafına, medianın iqtisadi müstəqilliyinin təmin olunmasına yönələn addımların davamlılığını şərtləndirir. Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklik və 13 may 2022-ci il tarixdə imzalanan Qərar media sahəsində aparılan əsaslı islahatların ardıcıllığının təmin edilməsinin, bu sahədə tədbirlərin kompleks şəkildə həyata keçirilməsinin təzahürü olmaqla, çap mediası subyektlərinin, çap məhsullarının yayımını həyata keçirən şirkətlərin səmərəli fəaliyyətinə, iqtisadi dayanıqlılığının artmasına öz müsbət təsirini göstərəcək.
Baş redaktor bu ümumiləşdirməni aparıb ki, tarixi Zəfərimiz bütün sahələrin, xüsusilə cəmiyyətimizin güzgüsü olan mətbuatın qarşısında yeni tələblər qoyur: “Bu tələblər öz növbəsində islahatlar prosesinin dərinləşdirilməsini, mətbuatın inkişafında əsas faktor olan iqtisadi müstəqilliyin daha da möhkəmləndirilməsini bir zərurətə çevirir. Ölkəmizin iqtisadi imkanları artdıqca hədəflərə yüksək səviyyədə və zamanında nail olmaq da qarşısıalınmaz prosesə çevrilir.”